25 may 2008

Heydər Əliyev Fondu 1 iyun - Uşaqları Beynəlxalq müdafiə gününə həsr olunmuş tədbir keçirib

Mayın 25-də Maştağa Olimpiya-İdman Kompleksində Heydər Əliyev Fondunun, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin və “İNTV” media holdinqin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqları Beynəlxalq müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir.

 

Təşkil olunmuş “Çempion” əyləncəli-idman oyunlarına Bakının bütün uşaq evləri və internat məktəblərindən təxminən 700 uşaq cəlb olunmuşdur.

 

Birinci yeri Nizami rayonundakı 1 nömrəli uşaq evinin, II yeri Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki 2 nömrəli yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbinin, III yeri isə Xətai rayonundakı 3 nömrəli uşaq evinin yetirmələri tutmuşlar.

 

Tədbirin ikinci - bədii hissəsində qaliblər mükafatlandırılmış, geniş konsert proqramında uşaq kollektivləri ilə yanaşı, respublikamızın tanınmış müğənniləri də çıxış etmişlər.