01_HEYDAR ALIYEV FONDU-RUSIYA-USHAQLAR-YAY TATILI.JPG
22 avqust 2008

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Sankt-Peterburqdakı internat məktəbinin uşaqlarının Azərbaycana səfərini təşkil edib

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərindəki 46 nömrəli internat məktəbində tərbiyə alan uşaqların və onların müəllimlərinin bir qrupu Azərbaycanda səfərdədir. Bu səfər Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Sankt-Peterburq şəhərinə səfəri zamanı qubernator Valentina Matviyenko ilə qarşılıqlı razılaşma əsasında təşkil olunmuşdur. Həmin görüşdə nümayəndəliyin rəhbəri Leyla Əliyeva Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən irimiqyaslı layihələrdən də söhbət açmış və Sankt-Peterburqun analoji uşaq müəssisələrindən birinin təmsilçilərini yay tətili günlərində Azərbaycana dəvət etmişdi.


Ongünlük səfərdə rusiyalı qonaqlar Bakının Nizami rayonunun yeni təmir olunmuş 1 nömrəli uşaq evində və Şüvəlan qəsəbəsindəki yay düşərgəsində istirahət edirlər. Sankt-peterburqlu uşaqlar Fəxri xiyabanı ziyarət etmiş, Bakının görməli yerləri, o cümlədən İçərişəhər, Qız qalası ilə tanış olmuşlar. Onlar Heydər Əliyev Fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyaya maraqla baxmış, maraqlı səfər üçün minnətdarlıqlarını bildirmişlər.

 

Rusiyalı qonaqlar Suraxanıda, Yanardağda, Atəşgahda da olmuş, tarix-mədəniyyət abidələri haqqında ətraflı məlumat almışlar. Tarix və xalça muzeyləri, “Azərilmə”də toxunan xalı-xalçalar, Mərdəkan dendrarisi, Sergey Yeseninin ev-muzeyi ilə tanışlıq çox böyük maraq doğurmuşdur.

 

Avqustun 27-dək davam edəcək səfər zamanı qonaqlar Qobustan qaya təsvirləri, Pir Həsən ziyarətgahı, Mərdəkan, Ramana, Qala qəsəbələrində tarixi abidələrlə tanış olacaq və Amburan əyləncə-istirahət mərkəzində dincələcəklər.

 

Səfər Azərbaycan və qonaqsevər xalqımız, qədim və zəngin mədəniyyətimiz haqqında dolğun təəssürat yaratmaqla yanaşı, xalqlararası ünsiyyət, anoloji uşaq müəssisələri arasında əlaqələrin qurulması baxımından da əhəmiyyətlidir.


FOTO