7 noyabr 2008

Tovuz rayonundakı N saylı hərbi hissədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihənin təqdimatı olub

Noyabrın 7-də Tovuz rayonundakı N saylı hərbi hissədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihənin təqdimatı olmuşdur.

 

Mərasimdə hərbi hissənin heyətinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr olunmuş «Hərbiçilərin Qeyd və Yaddaş kitabçası», təlim plakatları və 20 ədəd rəngli televizor hədiyyə olunmuşdur.

 

Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Ordudan Təxris Olunmuş Gənclərin Maarifləndirmə Birliyində Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə çıxış etmişlər.

 

Çıxışlarda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən söhbət açılmış, respublikamızda tikilən çoxsaylı məktəb binalarından, digər obyektlərdən danışılmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondu respublikamızın hüdudlarından kənarda da layihələr həyata keçirir və artıq bir neçə ölkədə Fondun filialları fəaliyyət göstərir.

 

Yığıncaqda hərbi hissənin komandiri polkovnik-leytenant Nəsib Ramazanov əsgərlərə göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya hərbiçilər adından minnətdarlığını bildirmişdir. Komandir demişdir ki, həyata keçirilən layihə hərbi biliklərə yiyələnmək işində böyük rol oynayacaqdır.

 

Mərasimdən sonra qonaqlar cəbhə bölgəsində qulluq edən əsgərlərlə də görüşmüş və onların şəraitləri ilə tanış olmuşlar.