02.JPG
20 noyabr 2008

“Hər uşağın ailəyə ehtiyacı var!” milli məlumatlandırma kampaniyasına başlanılıb

Uşaqların ailə mühitində böyüməsinə yardım məqsədi ilə Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azercell Telekom” MMC və BMT-nin Uşaq Fondu (YUNİSEF) birlikdə “Hər uşağın ailəyə ehtiyacı var!” milli məlumatlandırma kampaniyasına başlamışlar.

 

Noyabrın 20-də “Park İNN Azərbaycan” mehmanxanasında keçirilmiş kampaniyanın açılış mərasimində Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, təhsil nazirinin müavini İradə Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, “Azercell Telekom”un vitse-prezidenti Əli Ağan və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin müvəqqəti rəhbəri Məhəmməd Bendris Alami çıxış etmişlər.

 

Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində gənc nəslin təhsil və sağlamlığına diqqətin, uşaqların müdafiəsinin başlıca yer tutduğunu söyləyən Qənirə Paşayeva, bu sahədə qurumun həyata keçirdiyi layihələr haqqında məlumat vermişdir. 2004-cü ildən cəmiyyət həyatında fəal mövqe tutan Heydər Əliyev Fondunun reallaşdırdığı ilk layihə, təsadüfi deyil ki, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” olmuşdur. Bu layihə ölkədəki uşaq evləri və internat məktəblərinin çoxunda mövcud vəziyyəti kökündən dəyişməyə, uşaqların sosial şəraitini yaxşılaşdırmağa, təlim-tərbiyənin səviyyəsini yüksəltməyə, ən başlıcası isə, ailə mühitinə yaxın olan şəraitdə böyümələrinə imkan yaratmışdır. İndiyədək Heydər Əliyev Fondu tərəfindən 30-dan artıq uşaq evi və internat məktəbində təmir və yenidənqurma işləri aparılmışdır. Ailə qayğısından məhrum olan uşaqların problemlərinə diqqəti artırmaq məqsədi ilə 2005-ci ildə qurumun təşəbbüsü ilə Azərbaycan hökuməti, beynəlxalq və qeyri-hökumət təşkilatları, uşaq evləri və internat məktəbləri nümayəndələrinin iştirakı ilə “Uşaq evlərindən uşaqların ailələrə verilməsi və Azərbaycan Respublikasında alternativ qayğı” mövzusunda “dəyirmi masa” keçirilmiş, səmərəli diskussiya aparılmışdır.

 

Q.Paşayeva Azərbaycan Prezidentinin 29 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” barədə məlumat vermiş, sənədin vacibliyindən danışmış, hamını milli məlumatlandırma kampaniyasında yaxından iştirak etməyə çağırmışdır.

 

Tədbirdə çıxış edənlər hazırda Azərbaycanda təqribən 17 min uşağın dövlət müəssisələrində yaşadığını diqqətə çatdırmış, ictimaiyyəti daha çox məlumatlandırmaqla uşaqların müdafiəsi sahəsində ölkədə həyata keçirilən islahatların dəstəklənməsinin zəruriliyini vurğulamışlar. Bildirilmişdir ki, adı çəkilən Dövlət proqramının məqsədi cəmiyyətdə uşaqların müdafiə sistemini canlandırmaq və ailələri dəstəkləməklə uşaq evlərinə verilənlərin sayını azaltmaqdır. Bu yolda da bütün qüvvələr birləşməli və səfərbər olmalıdır. Bu gün sevgidən məhrum olan minlərlə uşaq var və onlara ailə qayğısı lazımdır.

 

Mərasimdə mövzu ilə bağlı xüsusi videofilmlər göstərilmiş, respublika Uşaq Təşkilatının “Səma” qrupu Azərbaycan milli rəqslərini ifa etmişdir.

 

Tədbirdə Milli Məclisin deputatları, hökumət rəsmiləri, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, KİV əməkdaşları iştirak etmişlər.


FOTO