03.jpg
14 iyun 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Zirə qəsəbəsində olub

Zirə qəsəbəsinin sakinləri Mehriban xanımı ən yaxın, doğma adamı kimi qarşıladılar. Son iki ildə dəfələrlə burada olmuş deputatın gəlişinə ən çox sevinən isə Badam nənə oldu. Xatırladaq ki, Mehriban xanım Zirədə olarkən 80 yaşlı bu tənha ağbirçəyin evinə də getmiş, onun mənzilinin təmirinə, avadanlıqla təminatına kömək etmişdi. Bu dəfə də "qızımsan, balamsan, mən səninlə nəfəs alıram", - deyib Mehriban xanımı bağrına basan Badam nənə ətrafdakıları da kövrəltdi.

 

Ağsaqqallar qəsəbədə son ilyarımda görülən işlərin uzun siyahısını xatırladaraq, uzun illər ərzində heç bu qədər iş görülmədiyini, əvvəllər çoxlu problemlər, çatışmazlıqlar üzündən qəsəbədən gedən sakinlərin, xüsusən cavanların təzədən qayıtdıqlarını bildirdilər.

 

Mehriban xanım Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını sakinlərə çatdırdı, onları Milli qurtuluş günü münasibətilə təbrik etdi. O, nəinki bu qəsəbədə, Əzizbəyov rayonunda, respublikamızın hər yerində geniş quruculuq işlərinin aparıldığını, Prezidentlə birlikdə rayonlara səfərlər zamanı baş verən dəyişikliklərin canlı şahidi olduğunu, xalqın həyat səviyyəsinin yüksəldiyini vurğuladı. Sakinlərin təklifini nəzərə alaraq, bu günlərdə Türkan və Hövsan qəsəbələri arasındakı yolun 7 kilometrlik məsafəsinin asfaltlaşdırılmasına başlanılacağını da bildirdi.

 

Qəsəbənin nüfuzlu sakinlərindən olmuş Seyidmirdamət ocağının övladları Mehriban xanımı çay süfrəsinə dəvət etdilər. Mehriban xanım dəvəti razılıq hissi ilə qəbul etdi. Sonra isə ailənin üzvləri, qəsəbənin sakinləri ilə xatirə şəkli çəkdirdi.

 

Heydər Əliyev Fondunun prezidenti Zirədə təzə salınan park kompleksi, poliklinikanın tikintisi ilə də tanış oldu.

 

Bildirildi ki, park əvvəllər istifadəsiz sahə olan 1,7 hektar ərazidə salınır. Burada mədəniyyət evi, səadət sarayı və qəsəbə stadionunun inşası da nəzərdə tutulmuşdur. Mədəniyyət evində kitabxana, konfrans salonu, dərnəklər, kompyuter otaqları fəaliyyət göstərəcəkdir. Səadət sarayı isə eyni vaxtda 500 nəfərə xidmət göstərə biləcəkdir. Stadionun universal meydançası, işıqlandırma sistemi və 200 nəfərlik tribunası olacaqdır. Bu obyekt Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramına uyğun olaraq Gənclər və İdman Nazirliyi tərəfindən tikilir. Həmin proqram çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən tikilən poliklinika oktyabr ayında təhvil veriləcəkdir. Burada 18 nömrəli təcili tibbi yardım stansiyasının və doğum şöbəsinin yaradılması da nəzərdə tutulur.


FOTO