10 avqust 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktı cəza çəkən 9.877 şəxsə azadlıq bəxş edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyeva amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir.

 

Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyev Fondunun bu təşəbbüsünü dəstəkləyərək 2007-ci il mayın 8-də “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar qəbul etmişdir. Ölkəmizdə formalaşmış vətəndaş cəmiyyətinin inkişafında növbəti addım olan bu qərar üç ay ərzində həyata keçirilərək minlərlə insanı azadlığa qovuşdurmuş, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olmuşdur.

 

Amnistiya aktının icrasının nəticələrinə dair aparılmış ümumiləşdirmə və təhlillərlə müəyyən edilmişdir ki, amnistiya aktı ilə 9.877 şəxs cəzadan azad olunmuşdur. Amnistiya 8.560 kişi, 1.317 qadın, həmçinin yetkinlik yaşına çatmayan 11 şəxs barəsində tətbiq edilmişdir.

 

Penitensiar müəssisələrdə cəza çəkən 2.861, intizam xarakterli hərbi hissədə saxlama cəzası çəkən 104, islah işləri növündə cəza çəkən 2.091, ictimai işlər növündə cəza çəkən 226 və maddi vəziyyəti ilə əlaqədar olaraq 3 milyon manatdan artıq məbləğdə cəriməni ödəyə bilməyən 4.225 məhkum amnistiya nəticəsində cəzalardan azad olunmuşdur. Həmçinin şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 370 məhkum barəsində də amnistiya tətbiq edilmişdir.

 

Amnistiyanın təsiri altına düşmüş 9.877 şəxsin böyük əksəriyyəti, yəni 98 faizi ciddi ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməyə görə məhkum olunmuş şəxslərdir. Cəzadan azad edilənlərin 2 faizi isə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş və cəzalarının sonuna az müddət qaldığı üçün amnistiya aktı ilə nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşməyən şəxslərdir.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 8 amnistiya aktı 87 mindən çox şəxsə tətbiq edilmiş, o cümlədən təxminən 23 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunmuşdur.

 

Bu mərhəmətli addımın təşəbbüskarı olan Heydər Əliyev Fondu ümidvardır ki, amnistiya aktına əsasən cəzadan azad edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.