30 avqust 2007

Yasamal rayonunda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində bədən xəsarəti almış insanların müalicəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə lazimi kömək göstərilir

Bakının Yasamal rayonunun ərazisində, Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının çökməsi barədə xəbər yayılan ilk saatlardan başlayaraq, Heydər Əliyev Fondunun əməkdaşları Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerinə gəlmiş, qəza nəticəsində yaralananların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzə, Travmatologiya və Ortopediya İnstitutuna gedərək xəsarət alanlara ilkin tibbi yardımın təşkili ilə yaxından maraqlanmış, müvafiq kömək göstərmişlər. Azərbaycanın birinci xanımı yaralananların vəziyyəti barədə mütəmadi olaraq məlumatlandırılmışdır.

 

Mehriban xanım Əliyeva xüsusi müayinə və müalicəyə ehtiyacı olanlara operativ kömək göstərilməsi, bu işə ən yaxşı, təcrübəli mütəxəssislərin cəlb olunması, xəsarət alanların qısa müddətdə reabilitasiyalarına yardım edilməsi üçün tövsiyələrini vermişdir.