DSC_0022.JPG
10 oktyabr 2007

Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Koala” parkında əyləncə təşkil edib

Müqəddəs Ramazan bayramı günlərində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əlil, valideyn himayəsindən məhrum uşaqları da yaddan çıxarmamış, xeyirxahlığı ilə onlara da unudulmaz sevinc bəxş etmişdir.


Bakının Nəsimi rayonundakı ən abad, müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuş “Koala” parkı oktyabrın 10-da “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin sərəncamına verilmişdi. Səhər tezdən uşaqları Bülbülə qəsəbəsindən buraya gətirən təzə avtobuslar parka yan alarkən əyləncə mərkəzinin bütün xidmətçi heyəti onları qarşılamağa hazır idi.


50 uşaqla birlikdə 5 valideyn və 5 tərbiyəçi də gəlmişdi. Şən, oynaq mahnı və rəqslər diqqət və qayğıya ehtiyacı olan uşaqlarda xoş ovqat yaradırdı. Uşaqlar həvəslə müxtəlif heyvan fiqurları üstündə oturaraq karuseldə dövrə vurur, nağıl qəhrəmanlarının heykəlləri ilə şəkil çəkdirir, şeir deyir, rəqs edirdilər. Yaşıl parkda açılmış bol süfrə də bütün günü yalnız onlara xidmət edirdi.


“Oriqami”nin rəhbəri Namiq Nəcəfov bu unudulmaz günü uşaqlara bəxş edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya sonsuz razılığını çatdıraraq bildirdi ki, birliyin reabilitasiya mərkəzinin daimi sakinlərinin 17-si uşaq serebral iflicindən, 20-si oliqarin, 3-ü isə lal-karlıqdan əziyyət çəkirlər. 10 uşaq isə hər iki valideynini itirmişdir. Onların bütün xərcləri isə yalnız ayrı-ayrı xeyriyyəçilərin, daha çox isə xarici humanitar təşkilatların, vətəndaşların ianələri hesabına ödənilir. Heydər Əliyev Fondu bundan əvvəl də bir neçə dəfə “Oriqami”yə yardım etmişdir.


FOTO