DSC_0005.JPG
11 oktyabr 2007

Heydər Əliyev Fondu Ramazan bayramı münasibətilə Əzizbəyov rayonunda iftar süfrələri açıb

Ramazan bayramı münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Əzizbəyov rayonunun Türkan, Binə, Şüvəlan və Zirə qəsəbələrində iftar süfrələri açılmış, bayram sovqatları paylanmışdır.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından ilk iftar süfrələri Türkan və Binə qəsəbələrində təşkil olunmuşdur.


Binə qəsəbəsinin sakini hacı Sərvan Əliyev demişdir ki, Heydər Əliyev Fondunun müqəddəs Ramazan bayramı münasibətilə iftar süfrələri açması artıq ənənə halını almışdır. Biz təkcə Ramazan ayında deyil, bütün il boyu diqqət və qayğı ilə əhatələnirik. Son illər qəsəbəmizdə quruculuq, abadlıq işləri genişlənmişdir. Yollar təmir olunmuş, su təchizatı yaxşılaşmışdır.


24 nömrəli musiqi məktəbinin direktoru Faiq Əliyev isə qəsəbədə görülən işləri yüksək dəyərləndirərək bildirmişdir ki, Heydər Əliyev Fondunun fəaliyyəti Əzizbəyov rayonunda xüsusilə nəzərə çarpır. Qəsəbəmizdə yardımçı elektrik stansiyasının tikilməsi, səhiyyə və təhsil sahələrində görülən işlər sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Hazırda isə Mehriban xanımın səyi ilə qəsəbəmizdə klub, kitabxana və musiqi məktəbi üçün bina inşa edilir.


Qəsəbənin tanınan ziyalılarından olan 136 nömrəli məktəbin direktoru Həzərxan Əbilov sakinlərin ümumi fikrini ifadə edərək demişdir ki, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun təhsil sahəsinə qayğısı misilsizdir. Mehriban xanımın qəsəbəmizdə gördüyü xeyirxah işlərin isə sayı-hesabı yoxdur. Dünya standartlarına uyğun yeni orta məktəb binasının istifadəyə verilməsi bunun daha bir bariz nümunəsidir. Hazırda bu məktəbdə 1500-ə yaxın şagird təhsil alır. Qəsəbədəki bütün məktəblərdə 6 yeni korpus da tikilib istifadəyə verilmişdir. Bütün bu işlərə görə, Mehriban xanımı Azərbaycan təhsilinin anası adlandırmağa haqqımız var. O, bu adı gördüyü işlərlə qazanmışdır. Bu gözəl şadlıq sarayında iftar süfrəsinin açılması da bizə göstərilən diqqət və qayğının təzahürüdür. Biz sevinirik ki, bizim İlham Əliyev kimi Prezidentimiz, Mehriban Əliyeva kimi deputatımız var.


Şüvəlan qəsəbəsində isə iftar süfrəsi iki gün – ayrılıqda kişilər və qadınlar üçün açılmışdır.


Qəsəbə sakinləri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə burada görülən geniş abadlıq, quruculuq işlərini minnətdarlıqla vurğulamış, qaz, su, işıq xətlərinin yeraltı xətlərlə əvəz olunduğunu, xəstəxananın təmir edildiyini, yollara asfalt döşəndiyini, iki yeni məktəb binasının tikilib istifadəyə verildiyini bildirmişlər.


Azərbaycanda dövlətin dinə böyük qayğısı da yüksək qiymətləndirilmişdir. Buna misal kimi məscidlərin tikilməsi, dini ibadətgahların təmiri xatırladılmışdır.


Zirə qəsəbəsindəki Cümə məscidində təşkil olunmuş iftar süfrəsinə 250 nəfər dəvət edilmişdi. Dini dəyərlərimizə qayğıkeş münasibəti yüksək qiymətləndirən qəsəbə sakinləri ölkəmizin sürətli iqtisadi inkişafının yaratdığı imkanlardan istifadə edilərək, rayonda geniş tikinti abadlıq işlərinin görülməsindən razılıq hissi ilə danışmışlar. Bildirilmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın diqqət və qayğısı sayəsində Əzizbəyov rayonunun siması da göz qabağında dəyişir. İndi rayonda müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət ocaqları, idman bazaları, yeni istirahət guşələri fəaliyyət göstərir.


Ramazan bayramı münasibətilə Heydər Əliyev Fondu Əzizbəyov rayonunun qəsəbələrində aztəminatlı ailələrə, internat evlərinə 2,5 ton ərzaq yardımları paylamışdır.


FOTO