01.JPG
24 noyabr 2007

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti layihəni həyata keçirdi

Noyabrın 24-də Bakı Dövlət Sirkində internat məktəblərində, uşaq evlərində tərbiyə olunan və bir sıra ictimai birliklərin himayə etdikləri uşaqlar Çin sirk ustalarının maraqlı əyləncəli proqramına tamaşa etmişlər.

 

Heydər Əliyev Fondu ilə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə həyata keçirdikləri tədbirə Bakının Əzizbəyov, Sabunçu, Xətai, Nizami, Nəsimi rayonlarında yerləşən uşaq evləri və internat məktəblərindən, “Uşaqların sağlam gələcəyi”, “Əlil körpələrə yardım” ictimai birliklərinin, Talassemiya Assosiasiyasının və digər təşkilatların himayəsində olan uşaqlar dəvət edilmişdilər.

 

Çin sirkinin ən gənc üzvü, 10 yaşlı qızcığaz Li-Nanın ifası, eləcə də yalnız bu ölkə sirkinə məxsus boşqablarla rəqs və şən klounların çıxışı gənc tamaşaçılarda daha böyük maraq doğurmuşdur.

 

Heydər Əliyev Fondunun bu növbəti layihəsi valideyn himayəsindən məhrum, eləcə də xəstə uşaqlar üçün ən yaxşı hədiyyə olmuşdur.

 

Tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri də iştirak etmişlər.


FOTO