007.jpg
2 yanvar 2006

Heydər Əliyev Fondu kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün Yeni il şənliyi təşkil edib

Heydər Əliyev Fondu yanvarın 2-də "Gülüstan" Sarayında Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə uşaq evlərində, internat məktəblərində tərbiyə alan yetim, valideyn himayəsindən məhrum olan, eləcə də qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün şənlik keçirmişdir.


Azərbaycanın Dövlət Himni səsləndikdən sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyevanın uşaqlara bayram təbriki oxundu:


- Əziz uşaqlar!


İki gün öncə biz Dünya azərbaycanlılarının həmrəylik günü və yeni təqvim ilimizin gəlişini qeyd etdik.


Ulu öndərimiz Heydər Əliyev uşaqlara böyük məhəbbətlə yanaşır, onlara diqqət və qayğını zəruri hesab edirdi. Bu ənənəyə sadiq qalan Heydər Əliyev Fondu sizlər üçün gözəl bayram təntənəsi təşkil edib. Ötən ildə olduğu kimi, biz bu il də çox istəyirik ki, sizin hər biriniz bu bayram sevincini duyub hiss edəsiniz. 3 minə qədər bayram iştirakçısı arasında respublikanın internat məktəbləri və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqları və təhsildə fərqlənən məktəblilər də var.


Əziz balalar, bu gözəl bayram günlərində sizin hər birinizi salamlayır, bağrıma basır, ürəkdən təbrik edirəm.


Qarşıladığımız bu yeni ildə uşaq dünyanızın ən gözəl arzularının gerçəkləşməsini istəyirəm. Sizin hər birinizin həyatında 2006-cı ilin ən xoş hadisələrlə yadda qalmasını arzulayıram.


Biz səy göstəririk ki, sizdən diqqət və qayğı əskik olmasın. Siz də vətənə layiqli övlad olmağa çalışın. Təhsildəki uğurlarınız, yaxşı əməllərinizlə bizi sevindirin!


Sonra müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin uşaqlarla unudulmaz görüşlərini əks etdirən film göstərildi.


Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin balaca vətəndaşlarına ünvanlanmış "Sizin gələcək vəzifəniz Azərbaycanı qorumaq, yaradılmış ənənələri uğurla davam etdirmək, Vətənin şöhrətini daha da artırmaqdır" tövsiyəsi ölkəmizin sabahkı qurucularına ləyaqətlə böyüyüb boya-başa çatmağa çağırış kimi səsləndi.


Bayram şənliyi aktyorların ustalıqla yaratdıqları nağıl qəhrəmanlarının igidliyi, kloun və sehrbazların şən və heyrətləndirici çıxışları, uşaqların da qoşulduğu oynaq rəqslərlə yadda qaldı.


Azərbaycanın tanınmış incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin sürprizləri bayram mərasiminə xüsusi təravət gətirdi.


Uşaqlar onların şərəfinə açılmış bol bayram süfrəsindən razı qaldılar, saraydan şeir, mahnı müsabiqəsində qazandıqları hədiyyələrlə, ən başlıcası isə, şənlikdən aldıqları unudulmaz təəssüratla ayrıldılar.


FOTO