3 yanvar 2006

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi keçirib

Yanvarın 3-də Heydər Əliyev Fondu Bakının müxtəlif orta məktəblərinin təhsildə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün "Gülüstan" sarayında Yeni il şənlikləri keçirmişdir.


Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyevanın uşaqlara ünvanladığı təbrik məktubunu oxudu. Müraciətdə deyilir:


- Əziz uşaqlar!


İki gün öncə biz Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü və yeni təqvim ilinin gəlişini qeyd etdik.


Ulu öndərimiz Heydər Əliyev uşaqlara böyük məhəbbətlə yanaşır, onlara diqqət və qayğını zəruri hesab edirdi. Bu ənənəyə sadiq qalan Heydər Əliyev Fondu sizin üçün gözəl bayram təntənəsi təşkil edib. Ötən ildə olduğu kimi, biz bu il də çox istəyirik ki, sizin hər biriniz bayram sevincini duyub hiss edəsiniz. 3 minə qədər bayram iştirakçısı arasında respublikanın internat məktəbləri və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqları və təhsildə fərqlənən məktəblilər də var.


Əziz balalar, bu gözəl bayram günlərində sizin hər birinizi salamlayır, bağrıma basır, ürəkdən təbrik edirəm.


Qarşıladığımız bu yeni ildə uşaq dünyanızın ən gözəl arzularının gerçəkləşməsini istəyirəm. Sizin hər birinizin həyatında 2006-cı ilin ən xoş hadisələrlə yadda qalmasını arzulayıram.


Biz səy göstəririk ki, sizdən diqqət və qayğı əskik olmasın. Siz də Vətənə layiqli övlad olmağa çalışın. Təhsildəki uğurlarınız, yaxşı əməllərinizlə bizi sevindirin!


Ulu öndər Heydər Əliyevin uşaqlarla görüşünü, bayramlarda onların sevincini bölüşməsini əks etdirən videokadrlar balaca soydaşlarımıza unudulmaz Heydər babanın səmimi qayğıkeşliyini bir daha xatırlatdı.


Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin balaca vətəndaşlarına ünvanlanmış "Sizin gələcək vəzifəniz Azərbaycanı qorumaq, yaradılmış ənənələri uğurla davam etdirmək, Vətənin şöhrətini daha da artırmaqdır" tövsiyəsi ölkəmizin sabahkı qurucularına ləyaqətlə böyüyüb boya-başa çatmağa çağırış kimi səslənirdi.


Bayram şənliyi balaca aktyorların ustalıqla yaratdıqları nağıl qəhrəmanlarının obrazları, kloun və sehrbazların şən və heyrətləndirici çıxışları, uşaqların da qoşulduğu oynaq rəqslərlə yadda qaldı.


Azərbaycanın tanınmış incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin çıxışları bayram mərasiminə xüsusi təravət gətirdi. Uşaqlar onların şərəfinə açılmış bayram süfrəsindən razı qaldılar, saraydan şeir, mahnı, viktorina müsabiqəsində qazandıqları hədiyyələrlə, ən başlıcası isə, şənlikdən aldıqları unudulmaz xoş təəssüratla ayrıldılar.