001.jpg
8 fevral 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Əzizbəyov rayonunun qəsəbələrində aparılan tikinti işləri ilə tanış olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verdiyi vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə fevralın 8-də Əzizbəyov rayonunun Binə qəsəbəsində sakinlərlə görüşmüş, yeni tikilən obyektlərə baxmışdır.


Binə qəsəbəsindəki Möhsün Səlim məscidində dindarlar Mehriban xanımı böyük hörmətlə qarşıladılar. Məscidin baş xidmətçisi hacı Mirzə Baba məlumat verdi ki, 1909-cu ildə yerli neftxuda Möhsün Səlimin vəsaiti ilə usta Mirzə Məlikin tikdiyi bu ibadətgahın bir hissəsi 1918-ci ildə erməni daşnak quldurlarının top atəşləri ilə dağıdılmış, sonralar bir neçə dəfə təmirinə başlansa da, hər dəfə yarımçıq qalmışdır.


Mehriban xanım ötən ilin oktyabrında qəsəbə sakinlərinin xahişi ilə bu ibadətgaha gəlib vəziyyətlə yerində tanış olduqdan sonra öz köməyini göstərəcəyini vəd etmişdi. İndi burada əsaslı təmir-bərpa işlərinə başlanmışdır.


Fondun prezidenti təmir-bərpa işləri ilə tanış oldu, yerli ustaların sənətkarlığını yüksək qiymətləndirdi. Usta və fəhlələr bildirdilər ki, onlar məscidi əvvəlki görkəminə qaytarmaq, keyfiyyətli təmir etmək üçün bütün qüvvə və səylərini əsirgəməyəcəklər. Milli Məclisin deputatı məscidin istilik sisteminin quraşdırılmasına xüsusi diqqət yetirməyi də tövsiyə etdi, binanın daxili görkəminə uyğun çilçıraq, xalı-xalçanın da sifariş olunduğunu bildirdi.


Dindarlar savab əməllərinə, xeyriyyəçilik fəaliyyətinə görə Mehriban xanıma minnətdarlıq etdilər, milli-dini dəyərlərimizin qorunub saxlanmasına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə də razılıqlarını bildirdilər, ən xoş arzularını ifadə etdilər.


Seçkiqabağı görüşlərdə sakinlərin əsas narazılıqlarından biri elektrik enerjisi təchizatı ilə bağlı olmuşdu. Bununla əlaqədar Milli Məclisin deputatının xahişinə əsasən, "Azərenerji" Səhmdar Cəmiyyəti "Yeni Binə" adlanan sahədə yardımçı stansiyanın yenidən qurulmasına başlamışdır.


Stansiyaya gələrək burada aparılan tikinti-quraşdırma işləri ilə tanış olan Mehriban xanıma məlumat verildi ki, 1952-ci ildə istifadəyə verilmiş obyekt istismar müddətini başa vurmuşdu. Ona görə də stansiya, əslində, tamamilə yenidən tikilmişdir. Burada quraşdırılan 10 və 16 kvt gücündə 2 transformator Binə qəsəbəsinin elektrik enerjisinə olan hazırkı tələbatının yarıdan çoxunu ödəyəcəkdir. Stansiya martın əvvəlində tam istismara veriləcəkdir.


Qəsəbə sakinləri elektrik enerjisi çatışmazlığının aradan qaldırılmasına göstərdiyi köməyə görə millət vəkilinə öz razılıqlarını çatdırdılar. Stansiyanın ərazisində aparılmış abadlıq işlərindən də razı qaldığını bildirən Mehriban xanım buraya gələn yolların da qaydaya salınacağına əminliyini söylədi. Xüsusi qeyd etdi ki, dövlət başçısı İlham Əliyev Bakının ətraf qəsəbələrinin elektrik enerjisi, qaz, su təchizatını yaxşılaşdırmaq üçün ayrıca proqram işlənib hazırlanması üçün səlahiyyətli orqanlara tapşırıqlar vermişdir və bu proqram yaxın günlərdə təsdiq edilərək icrasına başlanacaqdır. Regionda enerji müstəqilliyinə malik olan yeganə dövlət kimi Azərbaycanın energetika gücünün daha da artırılması, əhalinin, dövlət və qeyri-dövlət sektorunun fasiləsiz elektrik enerjisi ilə təminatına sanballı stimul verəcəkdir.


Hövsan südçülük sovxozu adlanan qəsəbədəki 70 nömrəli uşaq bağçası və körpələr evinin həyətinə toplaşan sakinlər, bu təlim-tərbiyə ocağının kollektivi Mehriban xanımı hərarətlə qarşıladılar. 237 nömrəli məktəbin müəllimi Nəzakət Məmmədova həmyerlilərinin ürək sözlərini ifadə edərək dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən təhsil problemlərinin həllini özünün başlıca vəzifələrindən biri kimi elan etmiş, "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb" proqramları çərçivəsində respublikamızda, o cümlədən Əzizbəyov rayonunda çox dəyərli işlər görmüşdür. Mehriban xanım seçkiqabağı görüşlərində rayonun bütün qəsəbələrində keçirdiyi görüşlərdə mövcud problemlərlə ətraflı tanış olaraq, onların həlli barədə öz təkliflərini hazırlamış, rəhbərlik etdiyi Fond tərəfindən proqramlar tərtib edilmiş və dərhal da icrasına başlanmışdır. Qəsəbənin ən böyük problemi olan su çatışmazlığı artıq aradan qaldırılmışdır və elə təkcə buna görə Mehriban xanım hər bir ailənin sevimlisinə çevrilmişdir, sakinlər özlərinə ən layiqli deputat seçdiklərinə bir daha əmin olmuşlar.


Son illər ölkəmizdə yeni təhsil, səhiyyə obyektlərinin inşasının geniş vüsət aldığını, ötən il Fondun təşəbbüsü ilə respublikada müasir tələblərə cavab verən 132 məktəbin tikilib istifadəyə verildiyini, bu il isə daha 100 məktəbin, o cümlədən 50-sinin Bakıda inşa olunacağını xatırladan Mehriban xanım Əliyeva, bu genişmiqyaslı proqramdan Əzizbəyov rayonuna da pay düşəcəyini qeyd etdi. Mehriban xanım ünvanına deyilən xoş sözlərə, ona etibar etdiklərinə görə təşəkkür edərək, qaldırılan hər bir məsələnin bundan sonra da diqqətlə öyrənilib tədbirlər görüləcəyini söylədi. Bildirdi ki, yaxın 2-3 ildə məktəblərin bütün maddi-texniki bazası yeniləşəcək, uşaqlarımızın yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaqdır.


Binə qəsəbəsindəki 136 nömrəli məktəbin bir qrup müəllimi Mehriban xanımı öz məktəblərinə dəvət etdilər. Millət vəkili Fond əməkdaşlarının apardığı monitorinqdə bu məktəbin də əsaslı təmirə ehtiyacı olduğunu müəyyən etdiklərini, hazırlanmış proqramda bunun nəzərə alındığını bildirərək dedi ki, mütləq həmin məktəbə gələcəkdir.


Sakinlərin arzu və istəklərini, ayrı-ayrı məsələlər barədə müraciətlərini də səbirlə dinləyən Mehriban xanım Əliyeva Fondun əməkdaşlarına müvafiq tapşırıqlar verdi.


Sonra Fondun prezidenti uşaq bağçasında gedən təmir işləri ilə tanış oldu. O, uzun illər təmir üzü görməyən bu təlim-tərbiyə ocağının nümunəvi müəssisəyə çevrilməsi üçün bütün lazımi köməyin göstəriləcəyini, təzə avadanlıqla da təchiz olunacağını bildirdi.


Mehriban xanım Əliyevanın Binədə daha bir görüşü qəsəbənin alaqapısının tikinti meydançasında oldu. İnşaatçılar hörmətli qonağı səmimiyyətlə qarşıladılar. İndiyədək Bakı ətrafındakı iri qəsəbələrin heç birinin əsas girişində alaqapının olmadığından təəssüf hissi keçirdiklərini xatırlatdılar. Eyni zamanda, bu çatışmazlığın aradan qaldırılmasının təşəbbüsçüsünün də Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın olmasından məmnunluqlarını bildirdilər. Layihənin müəllifi və iş icraçısı dedi ki, 25 kvadratmetr sahəsi olan 7 metr hündürlüyündə alaqapı milli memarlıq üslubunda tikiləcəkdir. Ətrafda 200 kvadratmetr sahədə yaşıllıq salınacaq, gül-çiçək əkiləcək, oturacaqlar qoyulacaqdır.


Mehriban xanımın bir sıra tövsiyələrini müsbət dəyərləndirən inşaatçılar tikinti işlərinin gələn ay tamamlanacağını bildirdilər.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin gün rayonun Türkan, Zirə və Şüvəlan qəsəbələrində də oldu.


Mehriban xanım Əliyevanın Türkanda ilk görüşü qəsəbənin alaqapısının tikinti meydançasında oldu. İnşaatçılar hörmətli qonağı səmimiyyətlə qarşıladılar. Bakı ətrafındakı iri qəsəbələrin girəcəyində alaqapılar yoxdur və onların tikilməsi barədə təşəbbüsü Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva irəli sürmüşdür. Layihənin müəllifi və iş icraçısı dedi ki, qəsəbənin girəcəyində iki günbəz tikiləcək və tağla birləşdiriləcəkdir. Günbəzlər milli memarlıq üslubunda olacaqdır. Ətrafda yaşıllıq salınacaq, gül-çiçək əkiləcək, oturacaqlar qoyulacaqdır.


İnşaatçılar Mehriban xanımın tövsiyələrini nəzərə alacaqlarını, tikinti işlərini gələn ay başa çatdıracaqlarını bildirdilər.


Türkan qəsəbəsindəki 14 saylı uşaq bağçasının əsaslı şəkildə yeniləşməsi də Mehriban xanım Əliyevanın seçkiqabağı görüşlərində verdiyi vədin nəticəsi olmuşdur. 1933-cü ildə tikilmiş, lakin uzun illərdən bəri təmir olunmayan bu binada qısa vaxtda görülən işlər Mehriban xanımı razı saldı. Geniş sahəsi olan binanın bir hissəsində Mehriban xanımın şəxsi məsləhəti ilə təcili tibbi yardım stansiyası və aptek açılması da nəzərdə tutulur. Bu, qəsəbə sakinlərinin tibbi xidmətlə təmin edilməsi işinə sanballı töhfə olacaqdır.


Bağçanın qarşısına toplaşan sakinlər Mehriban xanımla yenidən görüşməkdən şad olduqlarını söylədilər, onun təşəbbüsü ilə görülən işləri, xüsusilə qəsəbənin yolunun abadlaşmasını müsbət dəyərləndirdilər, seçkiqabağı verdiyi vədləri yerinə yetirdiyinə görə razılıqlarını bildirdilər. Onlar Fondun prezidentini "2005-ci ilin adamı" seçilməsi münasibətilə də təbrik etdilər.


Ölkənin birinci xanımı dedi ki, Türkanda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün ayrıca bina, toy-şənlik mərasimlərinin təşkilindən ötrü şadlıq sarayı, əhalinin rahatlığı üçün geniş ticarət mərkəzi də inşa olunacaqdır. Tikinti üçün yer seçilərkən, layihə tərtib olunarkən sakinlərin təklifləri də nəzərə alınacaqdır. Tikinti işlərinin gedişini müntəzəm izləyəcək, açılış mərasimlərində mütləq iştirak edəcəyəm.


Mehriban xanım Əliyeva daha sonra bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını, yeni iş yerlərinin açılmasını, su, qaz, elektrik enerjisi təminatının yaxşılaşmasını əhatə edən irimiqyaslı proqram hazırlanır. Bu proqram Əzizbəyov rayonunun da hərtərəfli inkişafına yeni stimul verəcək, türkanlılar da bunun real bəhrəsini görəcəklər.


Zirəyə budəfəki gəlişini qəsəbənin alaqapısının inşa olunduğu yerdən başlayan Mehriban xanıma məlumat verildi ki, sakinlər tikintiyə böyük maraq göstərir, tez-tez buraya baş çəkir, öz köməklərini təklif edirlər. Bu alaqapı da orijinal görünüşü ilə digərlərindən fərqlənəcəkdir. Ətrafda yaşıllıq salınacaq, bulaq tikiləcək, dincəlmək üçün oturacaqlar qoyulacaqdır. Tikinti işləri Novruz bayramına kimi tamamlanacaqdır.


Qəsəbə sakinləri Xəzərdə öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş cəsur neftçi Əbdülhəsən Babayevin yeni ucaldılmış xatirə abidəsi önündə Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Onların bütün müraciətlərinə cavab verdiyinə, bu abidənin tikintisinə, 3 nəfər zirəli gəncin xaricdə ürək cərrahiyyəsi əməliyyatından keçirilərək sağ-salamat vətənə qayıtmasına göstərdiyi köməyə görə öz razılıqlarını ifadə etdilər. Prezident İlham Əliyevin daxili və xarici siyasətini hər zaman dəstəkləyəcəklərini bildirən sakinlər millət vəkili kimi Mehriban xanımın fəaliyyətindən qürur duyduqlarını söylədilər, ona və ailə üzvlərinə Allahdan cansağlığı, xoşbəxtlik, xalqımızın, müstəqil dövlətimizin tərəqqisi naminə yeni uğurlar dilədilər.


Abidə önünə tər qərənfillər düzən MEHRİBAN XANIM ƏLİYEVA buraya toplaşan sakinlərə müraciətlə dedi:


- Çox sağ olun ki, siz də məni parlament seçkilərində dəstəklədiniz, mənə səs verdiniz. Mən sizi yenidən gördüyümə çox şadam. Sizin qəsəbədə, eləcə də rayonda görülən işlər yalnız başlanğıcdır, əsas işlər hələ qabaqdadır, yeni məktəblər, tibb-sağlamlıq obyektləri inşa ediləcəkdir. Bildiyiniz kimi, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızın regionlarında 132 məktəb tikilib istifadəyə verilmişdir. Bu il isə 100 məktəbin inşası nəzərdə tutulur, ozü də bunun yarıdan çoxu Bakıda və ətraf qəsəbələrdə tikiləcəkdir. Bundan əlavə, dövlət başçımızın tapşırığı ilə paytaxtın ətraf qəsəbələrinin su, qaz, işıq və digər kommunal problemlərinin həlli üçün geniş dövlət proqramı işlənib hazırlanır. Yaxın iki ayda bu proqram təsdiq edilərək icrasına başlanacaqdır.


Bilirəm ki, Zirədə qaz çatışmazlığı var, proqramın reallaşması ilə bu məsələ öz köklü həllini tapacaqdır. Bu problem qonşu ölkələrdə həyatı iflic etmək həddinə çatsa da, bizdə vəziyyət çox-çox yaxşıdır, hətta, dar gündə öz qonşularımıza da əl tuta bildik, kömək etdik. Bu ildən başlayaraq, ölkəmizə neft ixracından xeyli vəsait daxil olacaqdır. Dövlət başçımızın da dediyi və konkret işlərlə həyata keçirdiyi kimi, bu vəsait ilk növbədə xalqın maddi rifahının yaxşılaşmasına və sosial layihələrin reallaşmasına, yeni infrastrukturların yaradılmasına yönəldiləcəkdir. Mən bilirəm ki, Zirədə şadlıq sarayı yoxdur, gənclərin mədəni istirahəti üçün bir yer yoxdur, geniş ticarət mərkəzinə ehtiyac var. Bununla əlaqədar artıq torpaq sahəsi ayrılıb, layihələr hazırlanıb, yaxın vaxtlarda tikintiyə başlanacaqdır. Bu obyektlərin inşasında ən çox yerli sakinlər işləyəcəkdir, onların da maddi vəziyyətinin yaxşılaşmasına imkan yaranacaqdır, yeni iş yerləri açılacaqdır. Diaqnostika mərkəzi, xəstəxana da tikiləcəkdir. Dövlət proqramında bunlar nəzərə alınıbdır. Mən də çalışacağam ki, bu məsələlər tezliklə öz həllini tapsın.


Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşaq bağçasının müdiri işləmiş, öz həmyerlilərinin hörmətini qazanmış 78 yaşlı ağbirçək Badam Bədəlova ötən ilin oktyabrında Zirədə keçirilən görüşdə Mehriban xanımı sidq-ürəklə öz evinə qonaq dəvət etmişdi. Mehriban xanım o zaman söz vermişdi ki, növbəti gəlişində mütləq onun qonağı olacaqdır. İndi Badam nənə onu sonsuz sevinc hissi ilə, ən xoş sözlərlə həyət qapısında qarşılayaraq, verdiyi bütün vədlərə belə əməl edən Azərbaycanın birinci xanımına səmimi arzularını yetirdi. Mehriban xanım ağbirçəklə hal-əhval tutaraq onun səhhəti ilə, dolanışığı, ailənin vəziyyəti ilə maraqlandı, öz hədiyyələrini təqdim etdi. Səmimi söhbət çay süfrəsi arxasında davam etdi.


Badam nənə ilə sağollaşıb ayrılan Mehriban xanımın bu səmimiyyətindən xoşhal olan qonşular da minnətdarlıq edərək, xeyirxah işlərini yüksək dəyərləndirdilər, ona Allahdan xeyir-dua dilədilər.


Mehriban xanım qəsəbə sakinlərinin müraciətlərini, arzularını dinlədi, Fondun əməkdaşlarına qaldırılan məsələləri konkret araşdırıb ona məlumat verməyi tapşırdı.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin gün rayonun Şüvəlan qəsəbəsində də oldu.


Fondun prezidenti qəsəbədəki 10 nömrəli körpələr evi və uşaq bağçasında ötən il də iki dəfə olmuş, 1953-cü ildə inşa edilmiş ikimərtəbəli bu təlim-tərbiyə müəssisəsinin ciddi təmirə, əsaslı şəkildə yenidən qurulmasına zəruri ehtiyac olduğunu, bu işə lazımi kömək göstəriləcəyini bildirmişdi. Mütəxəssislərin rəyi ilə hazırlanmış layihə-smeta sənədlərində binanın memarlıq baxımından əhəmiyyətli olması, buna görə də əvvəlki zahiri görkəminin saxlanmasının vacibliyi də nəzərə alınmışdı. Ötən ilin sonlarından başlayaraq burada aparılan təmir-yenidənqurma işləri xeyli sürətlənmişdir. Binanın dam örtüyü dəyişdirilmiş, özüldə bərkitmə işləri aparılmışdır. Mehriban xanım Əliyeva inşaatçılara tövsiyələrini söylədi, təmir işlərinin tezliklə tamamlanıb binanın yenidən uşaqların istifadəsinə verilməsinin zəruriliyini vurğuladı.


Uşaq bağçasının tərbiyəçiləri və buraya toplaşan valideynlər yararsız vəziyyətə düşmüş bu binaya ikinci ömür bəxş edən Mehriban xanıma minnətdarlıqlarını bildirdilər, "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Şüvəlanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bir çox müəssisənin də əsaslı şəkildə bərpa olunaraq müasir tələblər səviyyəsində yenidən qurulmasını, lazımi avadanlıqla təmin edilməsini təmənnasız mərhəmət, insanpərvərlik, vətənə, xalqa məhəbbət nümunəsi kimi qiymətləndirdilər. Parlamentdə onları təmsil edən Mehriban xanımın xeyirxahlığı, qayğısı ilə görülən işlərin minlərlə ailəyə sevinc gətirdiyini, təsəlli olduğunu söylədilər.


Mehriban xanım Əliyeva xoş sözlərə görə razılığını ifadə etdi, Heydər Əliyev Fondunun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi. O dedi ki, ölkəmizin iqtisadi potensialı güclənir, büdcə gəlirləri artır, dövlət tərəfindən geniş sosial layihələr işlənib hazırlanır və ardıcıl surətdə həyata keçirilir. Ümummilli liderimizin adını daşıyan Fond da bu işdə öz köməyini əsirgəmir. Ötən il respublikanın bölgələrində tam yararsız vəziyyətdə olan 132 məktəb üçün yeni binalar tikilmişdir. Bu il daha 100 məktəb binası tikiləcək ki, onların yarısı Bakıda olacaqdır. Həmin məktəblər müasir tələblərə cavab verən səviyyədə təzə avadanlıqla da təmin ediləcəkdir. Keçən ildən Heydər Əliyev Fondu kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair geniş bir layihənin də icrasına başlamışdır. Layihə Şüvəlan qəsəbəsindəki bu tipli məktəbləri də əhatə edəcəkdir.


Qəsəbənin "Şimal" DRES-i yaşayış massivindəki 31 nömrəli xəstəxananın yenidən qurulması ilə tanışlıq tibb işçiləri və sakinlərlə görüşdən başladı.


Heydər Əliyev Fondunun hazırlayıb həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı" və digər layihələrin cəmiyyətdə yüksək dəyərləndirildiyini vurğuladılar. Eyni zamanda, ötən parlament seçkilərində yekdilliklə səs verdikləri ölkənin birinci xanımının deputat kimi fəaliyyətindən qürur duyduqlarını söylədilər, seçkiqabağı vədləri yerinə yetirdiyinə, problemlərin həllinə ardıcıl diqqət, tələbkar münasibət göstərdiyinə görə razılıqlarını bildirdilər. Xəstəxananın yenidən qurulması təşəbbüsünə görə də minnətdarlıq etdilər.


Mehriban xanım Əliyeva son vaxtlar respublikamızda səhiyyə sistemində köklü islahatların başlandığını, geniş layihələrin hazırlandığını, müasir tələblərə cavab verən yeni infrastrukturun yaradıldığını bildirdi. O dedi ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıətrafı qəsəbələrin sosial problemlərinin həlli üçün geniş dövlət proqramı hazırlanır. Onun həyata keçirilməsi Əzizbəyov rayonunda olan çatışmazlıqların da aradan qaldırılmasına imkan yaradacaqdır. Bu qəsəbədə lazımi tibb xidmətinin təşkili üçün imkan olmamasından təəssüfləndiyini söyləyən Mehriban xanım bildirdi ki, əslində, yenidən tikilən bu binada xeyli təzə şöbələr də açılacaq, müasir tibb avadanlığı alınıb quraşdırılacaq, xəstəxana ixtisaslı həkimlərlə tam komplektləşdiriləcəkdir. Hazırlanan dövlət proqramında burada diaqnostika mərkəzinin inşası da nəzərdə tutulur.


Xəstəxana binasında aparılan yenidənqurma işləri ilə ətraflı tanış olan, keyfiyyətə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan Mehriban xanım Əliyeva Fondun əməkdaşlarına tez-tez buraya baş çəkməyi və işlərin gedişi barədə ona məlumat verməyi tapşırdı.


Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsi Heydər Əliyev Fondunun hazırladığı "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramına müvafiq olaraq, əslində, tamamilə yenidən qurulur. Layihəçi və inşaatçılar Mehriban xanıma nəzərdə tutulan işlər barədə ətraflı məlumat verdilər. Bildirildi ki, burada ikimərtəbəli yataqxana, təlim-tədris korpusları, yeməkxana, mətbəx, duşxana, tibbi müayinə otağı və s. tikiləcək, ərazidə idman-sağlamlıq guşəsi, istirahət mərkəzi yaradılacaqdır. Təzə avadanlıq sifariş verilmiş, ərazidə yaşıllaşdırma işlərinə də başlanmışdır. Hazırda 45 nəfərin çalışdığı bu obyekt, nəzərdə tutulduğu kimi, mayın 10-dək istifadəyə veriləcəkdir.


Mehriban xanım Əliyeva yardımçı binaların köhnə şəkilləri və yeni layihə sənədləri ilə ətraflı tanış olduqdan sonra düşərgənin payız-qış mövsümündə də fəaliyyət göstərməsi təklifini verdi, bununla bağlı daha hansı işlərin görülməli olduğunu soruşdu. Fikir mübadiləsindən sonra bu kompleksdə digər zəruri tədbirlərin də görülməsinin, xüsusilə qazanxana-istilik sisteminin yenidən layihələndirilməsinin vacibliyi bildirildi. Fondun prezidenti bunun üçün qısa vaxtda müvafiq işlərin görülməsini tapşırdı.


İnşaatçıların qayğı və problemləri ilə də ətraflı maraqlanan ölkənin birinci xanımı onlara uğurlar arzuladı, ümummilli lider Heydər Əliyevin doğum gününə kimi kompleksin istifadəyə verilməsini təqdirəlayiq hesab etdiyini, açılış mərasimində iştirak edəcəyini bildirdi.


FOTO