Mayın 9-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Vətən müharibəsində həlak olan türkanlıların xatirəsinə salınmış parkda oldu. Prezident İlham Əliyev və xanımı parkda ucaldılmış abidə önünə əklil qoydular. Parkda işlər hələ davam edir. Burada idman-əyləncə mərkəzləri, mədəni istirahət guşələri də salınacaq və park türkanlıların sevimli istirahət yerinə çevriləcəkdir.
Parka toplaşan veteranlar Prezident İlham Əliyevi və xanımını xoş əhval-ruhiyyə ilə salamladılar. Prezident İlham Əliyev və Mehriban xanım veteranların hər biri ilə səmimi görüşərək, onları əziz gün münasibətilə təbrik etdilər, qayğı və problemləri ilə maraqlandılar.
Veteranlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə hər zaman çox böyük hörmət və ehtiram bəslədiklərini, onun əbədiyaşar xatirəsinin Türkanda da əziz tutulduğunu söylədilər. Mehriban xanımın deputat kimi Türkanın abadlaşması üçün gördüyü işləri yüksək qiymətləndirdilər, ona ürəkdən "sağ ol" dedilər, bildirdilər ki, onu qəsəbənin fəxri sakini elan etmişlər. Müharibə veteranları Prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli istiqamətində məqsədyönlü fəaliyyyətini bəyəndilklərini, Ali baş komandanın əmri ilə övladlarının da, özlərinin də hər an silaha sarılmağa hazır olduqlarını vurğuladılar.
Prezident İlham Əliyev tarixdə ən dəhşətli müharibənin od-alovundan çıxmış veteranlara müraciətlə dedi:
- Türkanın özünəməxsus tarixi, insanları var, bura çox qədim yerdir, çox doğma bir məkandır. Ona görə də biz çalışırıq ki, burada abadlıq-quruculuq işləri də yaxşı getsin. Bu gündən məktəbin də tikintisinə başlandı, digər abadlıq işləri də görüləcək, park da olacaqdır. Sizdən də xahişim budur ki, özünüzə yaxşı baxın, möhkəm olun, gümrah olun, Azərbaycana siz lazımsınız, sizin qəhrəmalığınız, təcrübəniz gələcək nəsillər üçün örnəkdir. İndi biz gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına çox böyük diqqət göstəririk. Bu işdə onlara ən gözəl nümunə sizsiniz.
Veteranlar, qəsəbə sakinləri Azərbaycan Prezidentinə və xanımına bu əziz gündə qəsəbəyə gəldiklərinə, çoxdan gözlədikləri obyektlərin açılışında iştirak etdiklərinə, 10 mindən çox sakini olan qəsəbənin abadlaşmasına, sosial problemlərinin həllinə göstərilən qayğı və diqqətə görə bir daha minnətdarlıqlarını ifadə etdilər, onlara ən xoş arzularını bildirdilər.