002.jpg
18 mart 2006

Heydər Əliyev Fondu xeyirxah ənənəsini bu Novruz bayramında da davam etdirir

Heydər Əliyev Fondunun nümayəndələri martın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əzibəyov rayonunun Buzovna qəsəbəsində yerləşən 9 nömrəli ruhi-əsəb xəstələri, əlil və qocalar evində olmuş, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından burada bayram süfrəsi açmış, 217 nəfərin hər birinə Novruz hədiyyələri paylamışlar.


Fondun icraçı direktoru Anar Ələkbərov burada yaşayan, müalicə olunan insanlara Mehriban xanımın salamlarını, bayram təbriklərini, ən xoş arzularını çatdırdı.


Sonra gətirilmiş bayram xonçaları, səməni siniləri, bol şirniyyat, meyvə-tərəvəz süfrəyə düzüldü. Fondun əməkdaşları buradakı xidmətçilərə qoşularaq, sakinlərə qulluq göstərdilər.


Taleyin hökmü ilə burada özlərinə sığınacaq tapmış ahıllar son bir neçə ildə belə müəssisələrin maddi-texniki bazasının yaxşılaşmasından, ərzaqla təminatı, səhiyyə, təhsil, iaşə, kommunal xidmətləri sahəsində xeyli dəyişikliyin olmasından razılıqla danışdılar, bu xeyirxah işlərin təşəbbüsçüsü olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.


Fondun icraçı direktoru bu gün Mehriban xanımın seçicilərinin yaşadıqları Şüvəlan, Binə, Zirə və Türkan qəsəbələrində 1000 imkansız ailəyə 10 ton ərzaq məhsulları paylandığını da bildirdi.


Fond əməkdaşları öz ənənəsinə sadiq qalaraq, bayram günlərində respublikamızın məcburi köçkünlər yaşayan bölgələrinə də gedəcək, onlara Novruz sovqatını çatdıracaqlar.


FOTO