001.jpg
22 mart 2006

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

Heydər Əliyev Fondu martın 22-də "Elite" Ticarət Mərkəzinin "GUEEN" Əyləncə Mərkəzində uşaq evlərində tərbiyə alan kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlar üçün Novruz şənliyi təşkil etmişdir.


Musiqili-əyləncəli bayram şənliyində 300-dən çox uşaq iştirak edirdi.


Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından uşaqları təbrik etdi.


Azərbaycanın tanınmış incəsənət ustalarının, bədii özfəaliyyət kollektivlərinin çıxışları uşaqlarda xoş əhval-ruhiyyə yaratdı.


Bayram şənliyi balaca aktyorların ustalıqla yaratdıqları Keçəl, Kosa, Bahar qız və xalq nağıllarının digər qəhrəmanları, məzhəkəçilərin maraqlı çıxışları, uşaqların da qoşulduğu şən rəqslərlə yadda qaldı.


Mehriban xanımın qızları Leyla və Arzunun bu şənlikdə iştirakı, uşaqlara qoşulub ürəkdən şənlənmələri balacalara böyük sevinc bəxş etdi.


Uşaqlar onların şərəfinə açılmış bol bayram süfrəsindən, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi daimi diqqət və qayğıdan razı qaldılar, şeir, mahnı, viktorina müsabiqəsində qazandıqları hədiyyələrlə, ən başlıcası isə, şənlikdən aldıqları unudulmaz təəssüratla ayrıldılar.


FOTO

Paylaş: