001.jpg
15 iyun 2006

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zirə qəsəbəsində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 15-də Bakının Əzizbəyov rayonunun Zirə və Binə qəsəbələrində bir sira yeni obyektlərin açılışında iştirak etmişlər.


Zirəlilər Prezident İlham Əliyevi və xanımını qəsəbənin girəcəyində milli memarlıq üslubunda tikilmiş alaqapı önündə səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

 

Qəsəbənin ağbirçək sakini, təqaüdçü müəllimə vəsilə abbasova zirəlilər adından Azərbaycan Prezidentini və xanımını salamlayaraq dedi:

 

- Xoş gəlmisiniz. Milli qurtuluş günü - bu böyük bayram münasibətilə Sizi təbrik edir, xoş arzularımı bildirirəm. Bu bayramın nəticəsi olan bugünkü yaratdıqlarınız üçün Sizə minnətdarlığımı bildirirəm. Dövlətimizin başında həmişə Sizin kimi qədirbilən rəhbərin olmasını, xalq üçün görülən böyük işlərə hər zaman dayaq olmağınızı arzulayıram. Bu gün çox böyük işlər görürsünüz, nailiyyətlər qazanırsınız. Sizə bu yolda gələcəkdə də uğurlar diləyirəm. Bütün planlarınızın həyata keçəcəyinə ümid bəsləyir, inanırıq.

 

Mehriban xanım görüşlərin birində bizə söz vermişdi ki, bir neçə ildən sonra qəsəbəni tanınmaz vəziyyətdə, onun yaxşılığa doğru dəyişdiyini görəcəksiniz. İndi artıq bu, bizim üçün reallıqdır və onu gözümüzlə görürük. Buna görə bütün qəsəbə sakinləri və məktəbimizin müəllim kollektivi adından dərin minnətdarlığımızı bildirirəm.

 

Qəsəbə sakini Nazim Məmmədov rayonda son vaxtlar geniş vüsət alan quruculuq-abadlıq işlərinin sakinlərdə yüksək əhval-ruhiyyə doğurduğunu bildirdi, deputat kimi Mehriban xanımın bu sahədə şəxsi təşəbbüskarlığını xüsusi vurğuladı.

 

İLHAM ƏLİYEV: Mən də sizin hamınızı bayram münasibətilə ürəkdən təbrik edirəm. Bu bayram günündə birlikdə olmağımız da çox boyük rəmzi xarakter daşıyır. Çünki Azərbaycanın hər bir yeri, hər bir qəsəbəsi gərək inkişaf etsin.

 

Bilirsiniz ki, Prezident kimi mən mütəmadi qaydada bölgələrə gedir, vəziyyətlə tanış oluram. Regionların inkişaf proqramı icra edilir. Bu yaxınlarda Bakıətrafı qəsəbələrin də inkişafına dair proqram qəbul olunub və artıq icrasına başlanmışdır. Çünki uzun illər ərzində Bakının xüsusilə uzaqda yerləşən qəsəbələrində o qədər də böyük inkişaf getmirdi. Sosial problemlər, insanların məişət problemləri, təhsil və səhiyyə ilə bağlı problemlər öz həllini gözləyir.

 

Bu gün artıq bütün Bakıətrafı qəsəbələrin yeni inkişaf dövrü başlayır. Yolların, elektrik xətlərinin çəkilməsi, məktəblərin, xəstəxanaların, poliklinikaların, idman komplekslərinin tikilməsi, parkların salınması - bütün bunlar bizim planlarımızda var. Əsas odur ki, indi yerlərdə olan insanlar da gərək bütün bu işlərə ürəklə qoşulsunlar.

 

Prezident kimi mən lazım olan bütün qərarları verdim və tədbirləri də görürəm. Millət vəkilləri də bu işlərə qoşulublar. Əzizbəyov rayonunda artıq böyük işlər görülübdür. Ancaq bu, işlərin hələ əvvəlidir. Biz bütün sahələrdə bu işlərin elə bil ki, təməlini qoyuruq. Əminəm ki, bir, iki, üç il ərzində bütün qəsəbələrin görkəmi tamamilə dəyişəcək, insanların həyat səviyyəsi yaxşılaşacaq, qaz, elektrik enerjisi təchizatı ilə bağlı problemlər tamamilə aradan qaldırılacaqdır. Uşaqlar yaxşı məktəblərdə oxumalıdır, əgər insanların müalicəyə ehtiyacı varsa, yüksək tibbi xidmət göstərilməlidir. İnsanın gündəlik həyatda təmasda olduğu bütün məsələlər ən yüksək səviyyədə həll edilməlidir. Bunu etmək üçün, əlbəttə, çox güclü iqtisadi potensial lazımdır. Bu da Azərbaycanda indi yaranır. Azərbaycan indi ən dinamik inkişaf edən ölkədir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikintisinə başlanmış və bu gün artıq reallığa çevrilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşübdür. Bu, bizim üçün həyati əhəmiyyət kəsb edir, yəni tarixi bir hadisədir.

 

Maaşlar, pensiyalar artırılacaq, bütün başqa sosial bölmələrə daha çox vəsait ayrılacaqdır. Beləliklə, insanlar daha da yaxşı yaşayacaqlar.

 

Din xadimi axund hacı Əjdər müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ruhuna dua oxudu, bu böyük insanın xatirəsini dindarların həmişə hörmətlə yad etdiyini söylədi. Bu əziz bayram günü Zirəyə gələn Azərbaycan Prezidentinin qəsəbənin tarixində buraya təşrif gətirən ilk dövlət rəhbəri olduğunu vurğuladı, ölkə başçısına, ailəsinə Allah-taaladan cansağlığı arzuladı. O dedi ki, Mehriban xanım bu qəsəbədə gördüyü işlərə görə artıq hər bir ailənin sevimlisinə çevrilmişdir.

 

İLHAM ƏLİYEV: Azərbaycanın, Bakının hər bir yeri mənim üçün əzizdir, doğmadır. Mən birinci dəfədir ki, Zirəyə gəlmişəm. Eyni zamanda, birinci dəfədir ki, Prezident buraya gəlir. Bu, əlamətdar hadisədir. Bundan sonra daha da tez-tez gələcəyəm.

 

Əlbəttə, bu bölgənin deputatı kimi Mehriban burada tez-tez olur. Deputat seçilən gündən çox fəal işə başlayıbdır.

 

Sonra Prezident İlham Əliyev və Mehriban xanım qəsəbənin mərkəzinə gəldilər. Burada onları gül-çiçək dəstələri ilə səmimiyyətlə qarşıladılar.

 

Qəsəbə sakini Sabir Əliyev Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə düşməsi münasibətilə Prezident İlham Əliyevi və xalqımızı səmimi qəlbdən təbrik etdi. Dedi ki, bədxahlarımız bu işə çox şübhə ilə yanaşırdılar. Ancaq ulu öndərin uzaqgörənliyi, zəkası, iradəsi sayəsində bu məsələ öz həllini tapdı və xalqımıza firavanlıq gətirəcəkdir. Heydər Əliyev həmişə bizim fəxrimiz olub, Allah onun ruhunu şad etsin.

 

Prezident İlham Əliyev vurğuladı ki, kəmərin istifadəyə verilməsi Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən ən böyük hadisədir. Azərbaycan xalqı bundan sonra uzun illər, onilliklər ərzində firavan yaşayacaqdır.

 

Müəllimə Gülzar Qocayeva sakinlər adından müraciət edərək dedi: Hörmətli Prezident və nəinki Azərbaycan xalqı, bütün Zirə camaatı tərəfindən çox sevilən, bu rayonun hər bir qəsəbəsində həmişə səbirsizliklə gözlənilən, bəlkə də, dünya azərbaycanlı qadınlarının lideri olan Mehriban xanım, mən sizi yaşı min illəri ötən qədim Zirənin bütün sakinləri adından səmimi salamlayıram. Bu gün hər yerdə sizi sevirlər, hər yerdə səmimiyyətlə gözləyirlər. Qəsəbəmizə xüsusi diqqət və qayğınız göz qabağındadır. Bu gün elə burada olmağınız bizim hədsiz sevincimizə səbəb olur. Doğrudan da, hamımızın qəlbi böyük iftixar hissi ilə döyünür. Milli qurtuluş günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirik, sizə uzun ömür, cansağlığı arzulayırıq.

 

Zirəlilər camaatın yekdil arzusu ilə Mehriban xanımı qəsəbənin fəxri sakini seçdiklərini bildirdilər.

 

Azərbaycan Prezidenti və xanımı Zirədə doğulub boya-başa çatmış xalq rəssamı, onlarca gəncə rəssamlığın sirlərini öyrətmiş istedadlı pedaqoq Baba Əliyevin qəsəbədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoyulmuş xatirə lövhəsinə baxdılar. Rəssamın ailə üzvləri Prezident İlham Əliyevə və xanımına minnətdarlıqlarını bildirdilər və Baba Əliyevin çəkdiyi avtoportreti xatirə olaraq Heydər Əliyev Fonduna bağışladılar.

 

Prezident İlham Əliyev və xanımı qəsəbə sakinləri ilə xatirə şəkli çəkdirdilər.

 

Mehriban xanım Əliyeva Azərbaycan Prezidentinə məlumat verərək dedi ki, son dəfə mən sakinlərlə görüşəndə bildirmişdilər ki, Zirədə xəstəxana yoxdur. İndi bu, dövlət proqramına salınıbdır. Qarşısında dayandığımız bu böyük, tikintisi yarımçıq binanın bir hissəsində uşaq bağçası olacaq, digər hissəsində isə poliklinika, xəstəxana və doğum evi yerləşəcəkdir. Yəqin ki, tikinti işləri çox qısa zamanda başa çatacaqdır.

 

Mehriban xanım Fond tərəfindən bu ərazidə həm də parkın, istirahət guşəsinin salınacağını, ulu öndər Heydər Əliyevin büstünün ucaldılacağını, digər sosial və idman obyektlərinin inşa olunacağını da bildirdi.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Prezidentinə tikililərin layihəsi ilə bağlı ətraflı məlumat verdi.

 

Prezident İlham Əliyev tikinti-abadlıq işlərinin vaxtında başa çatdırılıması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

Sakinlərin güzəranı, əsas məşğuliyyəti ilə bağlı məsələlərlə maraqlanan Prezidentə məlumat verildi ki, işləyən əhalinin 80 faizi Dövlət Neft Şirkətinin müəssisələrində çalışır. Son zamanlar bu strukturda əməkhaqqı bir neçə dəfə qaldırılmışdır. Hər ailənin torpaq sahəsi var, fərdi təsərrüfatla da məşğul olurlar.


FOTO