001.jpg
14 sentyabr 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Binə qəsəbəsindəki Möhsün Səlim məscidində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sentyabrın 14-də Əzizbəyov rayonunda olmuşdur.


Mehriban xanım Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda görülmüş işlərlə tanışlığa Binə qəsəbəsindəki Möhsün Səlim məscidinin yeni inşa olunmuş yardımçı binasından başladı.

 

Ötən əsrin əvvəllərində yerli mədən sahibinin vəsaiti ilə tikilmiş bu ibadətgahda uzun illər heç bir təmir-abadlıq işi aparılmadığına görə, bina yararsız vəziyyətə düşmüşdü. Hətta, 1918-ci ildə erməni daşnaklarının atdığı top məscidin günbəzini deşmiş, çatlar əmələ gətirmişdi.

 

Sakinlərin müraciətindən sonra bu vəziyyətlə yerində tanış olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məsciddə bərpa işlərinə başlanmışdı. Bu il iyunun 15-də Prezident İlham Əliyev də məscidə gələrək, burada görülmüş işləri yüksək qiymətləndirmişdi. Məscid dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına da salındı. Din xadimləri həmin gün Prezident İlham Əliyevə və Mehriban xanıma bərpa işlərinə görə minnətdarlıq etməklə yanaşı, həm də məscidin həyətində əlavə yardımçı binaların tikilməsi barədə xahişlə də müraciət etmişdilər. Qısa müddətdə burada 100 nəfərlik salonu, dəstəmaz otaqları, kişi və qadınlar üçün ayrı-ayrılıqda hücrələri, din xadimləri üçün məşvərət otağı, daimi suyu, mətbəxi olan təzə bina tikildi, gəbə-xalılarla, hər cür lazımi avadanlıqla təmin edilərək dindarların istifadəsinə verildi.

 

Mehriban xanım otaqları gəzərək, görülmüş işin keyfiyyətindən razılığını bildirdi, buraya toplaşan dindarlardan başqa bir istəklərinin olub-olmamasını soruşdu.

 

Artıq bu Allah evində ürəkləri istəyən hər cür şəraitin yaradıldığını söyləyən qəsəbə ağsaqqalları dinimizə, müqəddəs ibadətgahlarımıza göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, onun xanımına öz razılıqlarını bildirdilər, xalqımızın firavanlığı, vətənimizin tərəqqisi naminə onlara ən xoş arzularını yetirdilər, ulu öndər Heydər Əliyevin ruhuna dua etdilər.

 

Mehriban xanım məscidə də baxdı. Məlumat verildi ki, Azərbaycan Prezidenti burada olarkən çilçırağın daxili interyerə uyğun gəlmədiyini, daha böyüyünün alınıb asılmasının gərəkliyini bildirmişdi. İndi məscidi daha işıqlı edən böyük çilçıraq bu tarixi abidənin daxili görkəmini də xeyli gözəlləşdirmişdir.

 

Mehriban xanım Əliyeva paytaxtın ən iri qəsəbələrindən olan Binədə son iki ildə xeyli iş görüldüyünü bildirərək, gələn il burada təzə poliklinikanın inşasına başlanılacağını, o vaxtadək isə həm də əlavə bir həkim məntəqəsinin də açılacağını vəd etdi. Azərbaycanın birinci xanımının verdiyi hər bir vədə vaxtında əməl etdiyini vurğulayan sakinlər onun bu dəyərli təşəbbüslərini də razılıqla qarşıladılar.


FOTO

Paylaş: