02.JPG
28 dekabr 2004

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbdə olub

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dekabrın 28-də Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbə gəlmişdir. Şagirdlər, müəllimlər və valideynlər hörmətli qonağı səmimiyyətlə qarşıladılar. Mehriban xanım burada keçirilən bayram şənliyində iştirak etdi.


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları maraqlı səhnəciklər göstərdilər. 8-ci sinif şagirdi Azər Mustafayevin sazda gözəl ifası, şagirdlərin danışdıqları nağıllar, Vətən, Prezident haqqında söylədikləri şerlər hərarətli alqışlarla qarşılandı.


Mehriban xanımın adından uşaqların hər birinə bayram sovqatı paylandı.


Müəllimlər, valideynlər qayğıya, nəvazişə ehtiyacları olan uşaqlarla növbəti görüşə gəldiyinə, onlara böyük sevinc bəxş etdiyinə görə Mehriban xanıma dərin minnətdarlıqlarını bildirərək dedilər ki, Sizin şəxsi təşəbbüsünüzlə bu məktəb Bakının ən gözəl təhsil ocaqlarından birinə çevrilmişdir. Hörmətli Prezidentimizə də təşəkkür edirik ki, uşaqları heç vaxt yaddan çıxarmır. Mehriban xanım uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi, çıxışlarını diqqətlə dinlədiyini, istedadlarına heyran qaldığını söylədi, onların təhsili, təlim-tərbiyəsi və müalicəsi ilə maraqlandı, xatirə şəkli çəkdirdi.


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həmin gün uşaqlarla görüşlərdən aldığı təəssüratını jurnalistlərlə bölüşərək dedi: Mən çox xoşbəxtəm ki, bu gün uşaqlarla bir yerdəyəm. Görürsünüz, nə gözəl, nə göyçək uşaqlardır, nə gözəl oynayır, nə gözəl oxuyurlar. Hesab edirəm, bu, böyük xoşbəxtlikdir ki, bizim belə uşaqlarımız var, Azərbaycanın belə gələcəyi var. Mən özümü onlarla çox-çox yaxşı hiss edirəm.


Təhsil naziri Misir Mərdanov, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə görüşlərdə iştirak edirdilər.


FOTO

Paylaş: