008--prezident-qabala-mascid-achilish.jpg
28 fevral 2013

Prezident İlham Əliyev Qəbələ şəhərində yeni məscidin açılışında iştirak edib

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ şəhərində yeni məscidin açılışında iştirak edib.


Dövlət başçısına məlumat verildi ki, məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılıb. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi “Konstruktor MMC”, binanın podratçısı isə “Gilan inşaat” MMC-dir. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. 


Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edəcək. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan naqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Həyətində kiçik memarlıq üslubunda iki fontan inşa edilib. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Binanın həyəti yaşıllaşdırılıb, dekorativ ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.


Prezident İlham Əliyevə Qurani-Kərim hədiyyə olundu.


Dövlət başçısı məsciddə yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.


FOTO

VİDEO