admiu-aqupdk-azerbaycan-ailesi-film-festiva-.jpg
3 fevral 2014

Bakıda “Azərbaycan ailəsi” altıncı film festivalı başlayıb

Fevralın 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə layihəsi olan “Azərbaycan ailəsi” altıncı film festivalının açılış mərasimi keçirilib.

 

Festival çərçivəsində “Şəkildən həyata” mövzusunda fotomüsabiqənin keçirilməsi də nəzərdə tutulur.

 

Layihənin məqsədi ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq, gənc ailələrdə yüksək mənəvi dəyərlərin aşılanması, cəmiyyətdə ailə məsələləri ilə bağlı mövcud problemlərin açıqlanması və onlarla mübarizə, ölkədə maarifləndirmə işlərinin aparılması üçün videomateriallardan ibarət fondun zənginləşdirilməsidir.

 

Festivalın məqsəd və ideyasına uyğun olan, təşkilat komitəsinə təqdim edilən materiallar (qısametrajlı bədii, sənədli filmlər, silsilə televiziya verilişləri, sosial çarx və fotoşəkil) ictimaiyyətin görkəmli elm, mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilərək diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.