1.jpg
26 avqust 2021

Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri və ahıllar üçün əyləncə proqramı təşkil edib

Heydər Əliyev Fondu Bakıda və regionlarda olan uşaq evlərinin, eləcə də Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinə növbəti dəfə sevinc bəxş edib.


Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Bakı, Şəki, Gəncə və Lənkərandakı uşaq evləri, eləcə də Bakının Bilgəh qəsəbəsində yerləşən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün nahar süfrələri və əyləncə proqramı təşkil olunub, onlara Fondun müxtəlif hədiyyələri çatdırılıb.


2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar, eləcə də yaşlı nəslin nümayəndələri üçün mütəmadi olaraq tədbirlər təşkil edir, kimsəsiz uşaq və ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili baxımından layihələr həyata keçirir, bu kateqoriyadan olan insanlar əsl ailə qayğısı ilə əhatə olunur.


Fond tərəfindən aparılan ardıcıl tədbirlər, reallaşdırılan layihələrlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva kimsəsiz uşaq və ahılları daim ziyarət edirlər, onların gündəlik qayğıları ilə maraqlanırlar. Artıq bir doğmalıq sevgisi ilə əhatələnən bu insanların istər bayramlarını, tətil günlərini, istərsə də asudə vaxtlarını Fondun nümayəndələri ilə birlikdə keçirmələri ənənə halına çevrilib.


Bugünkü istirahət proqramı da yaddaşlara daha bir xoş gün kimi yazıldı. Uşaq evlərinin, ahıllar müəssisəsinin sakinləri bu günün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər əsnasında paylaşdılar.


Bugünkü görüş həm də 1 saylı uşaq evinin sakinləri Qənirə Zeynalova, Maral Zeynalovanın və pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakini Lyudmila Ələkbərovanın doğum günlərinə təsadüf etdi. Məhz bu gündə keçirilən tədbir onlarda xoş təəssürat oyatdı.


Bu günlə bağlı təəssüratlarını bölüşən Lyudmila Ələkbərova deyib: “Bu ad günüm mənim üçün xüsusilə əzizdir. Bu, həyatımda ən unudulmaz ad günü idi. 18 yaşımdan sonra belə bir ad günüm olduğunu xatırlamıram. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə gözəl bir gün yaşadıq. Nahar süfrəsindən sonra musiqi sədaları altında şənləndik, alqış sədaları altında xüsusi hazırlanmış tortu kəsdik”.


Bu gün 13 yaşı tamam olan Maral Zeynalova ad gününü dostları ilə birlikdə şən və maraqlı keçirdiyini bildirib. On bir yaşını dostları ilə əylənərək qeyd etdiyini söyləyən Qənirə Zeynalova isə deyib: “Dostlarımla birgə doyunca rəqs etdik, maraqlı bir gün yaşadıq, hədiyyələrimiz də ürəyimizcədir. Belə gözəl doğum günü şənliyinə görə Heydər Əliyev Fonduna təşəkkür edirəm”.


Mehriban Əliyevanın tapşırığı ilə gözəl istirahət günündən xatirə olaraq uşaq evlərinə, eləcə də pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.



FOTO