13.JPG
1 iyun 2022

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib.

 

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak ediblər.

 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına cəmiyyətin diqqətini bir daha yönəltmək məqsədi daşıyıb.

 

Festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Belə ki, idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar təşkil olunub, şahmat yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti yaradılıb.

 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası üçün ayrılmış meydançada kosmos, planetlər barədə maraqlı faktlar təqdim edilib. Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış olmaq imkanı qazanıblar. Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar etmək fürsəti qazanıb. Mini fermada isə heyvanlarla ünsiyyət qurmaq imkanı yaradılmışdı.

 

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib. İncəsənət zonası, kitabsevərlər guşəsi, rəqs, meydançaları, kater yarışı, konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadıb. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

 

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilib və unudulmaz bayram sevinci yaşanıb.

 

“Uşaq festivalı”na gələn uşaqların bəziləri öz təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

 

Onlardan biri olan Zəhra Qəhrəmanlı deyib: “Uşaq festivalı” mənim çox xoşuma gəldi. Bu festivalın təşkilatçılarına təşəkkürümü bildirirəm. Burada uşaqlar üçün çox maraqlı proqramlar təşkil edilib. Mən şəhid nəvəsiyəm, bütün uşaqların, xüsusilə şəhid və qazi övladlarının bayramını təbrik edirəm".

 

Digər iştirakçı Həsən Zərbəliyev Heydər Əliyev Mərkəzinin parkını çox bəyəndiyini, buraya gəldiyi, dostları ilə gözəl vaxt keçirdiyi üçün çox sevincli olduğunu deyib. O bildirib ki, "Uşaq festivalı"nda onlar üçün təşkil edilən bütün əyləncə və maarifləndirici proqramlar çox maraqlı idi.

 

Məryəm Nəcəfzadə isə bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Festivalda iştirak etdiyi üçün çox xoşbəxt olduğunu deyib. “Burada dostlarımla birgə əyləncəli vaxt keçirdim. Uşaq bayramı mənim ən çox sevdiyim günlərdən biridir. Bu bayram münasibətilə bütün uşaqları, şəhidlərimizin övladlarını da təbrik edirəm", - deyə Məryəm Nəcəfzadə söyləyib.

 

Nigar Hüseynli isə sevincini bu sözlərlə ifadə edib: “Festivalı çox bəyəndim, burada çox əyləndik. Digər uşaqlarla söhbətləşmək, oynamaq mənim üçün çox xoş idi. Mən istəyirəm ki, hər gün uşaqların bayramı olsun. Belə günlərdə özümü həmişə yaxşı hiss edirəm. Sabah müəllimlərimə də festival barədə danışacağam".


FOTO