1.JPG
26 avqust 2022

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbirləri təşkil edib

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün növbəti şənliklər təşkil edilib.

 

“Dəniz Mall”, “Dalğa Beach” və regionlardakı istirahət və əyləncə mərkəzlərində keçirilən şənliklər uşaq evlərinin sakinlərini, daun sindromlu uşaqları əhatə edib.

 

Heydər Əliyev Fondu, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün respublika üzrə tədbirlər təşkil edib. Tədbirlərə qəhrəman şəhidlərimizin övladları anaları ilə birlikdə qatılıblar.

 

Bakının və regionların müxtəlif əyləncə məkanlarında keçirilən tədbirlərə uşaqlar Heydər Əliyev Fondunun onlar üçün ayırdığı xüsusi avtobuslarla gəliblər. Uşaqlara bəxş edilən sevinc dolu gün ərzində DJ-lərin, animatorların, psixoloqların iştirakı ilə müxtəlif əyləncə və şou proqramlar təqdim edilib, maraqlı müsabiqələr, idman estafetləri və oyunlar keçirilib. Azyaşlılar və yeniyetmələr bacarıq və qabiliyyətlərini nümayiş etdirib, yay ovqatlı yaddaqalan bir gün yaşayıblar.

 

Heydər Əliyev Fondunun gördüyü işlər sırasında valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların, həmçinin şəhidlərimizin övladlarının diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond uşaqlar üçün mütəmadi olaraq tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səylərini əsirgəmir.

 

Uşaqlar bu günün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər edərək paylaşıblar.

 

Azyaşlılar və yeniyetmələr əyləncə məkanlarında yay mövsümünün ovqatını duyub, müxtəlif mahnılar, rəqslər ifa edib, məharətlərini göstəriblər.

 

“Dəniz Mall”da keçirilən tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva deyib: “Bu tədbirin təşkilinə görə dövlətimizə, həmçinin əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Nəvəm burada əylənir və çox sevinclidir”.

 

Şəhid leytenant Elzar Yusubovun anası Günəş Daşdəmirova: “Suraxanı rayonundan gəlmişik, oğlumun övladlarını gətirmişəm. Nəvələrim üçün çox xoş gün oldu. Dövlətimiz daim var olsun. Biz şəhid ailələri dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmuşuq”.

 

Şəhid baş leytenant Kamran Kazımovun atası Qurbanəli Kazımov da tədbirə nəvələrini gətirdiyini deyib. Uşaqlar üçün belə əyləncəli tədbirin keçirilməsinə görə təşkilatçılara dərin minnətdarlığını bildirib.

 

Şəhid Elsevər Paşayevin qızı Nəzrin Paşazadə deyib: “Burada yaxşı vaxt keçirdik. Rəsmlər çəkdik, oyunlar oynadıq. Çox maraqlı gün oldu”.

 

Burada gününün çox xoş və gözəl keçdiyini bildirən şəhid Elşən Musayevin qızı Ayşən Musalı söyləyib: “Çox əyləndim. Belə gözəl tədbirdə iştirak etdiyim üçün sevincliyəm. Hər kəsə təşəkkür edirəm”.

 

“Dalğa Beach”də təşkil olunan şənliyin iştirakçısı Qənirə Əhmədli bu günün onun üçün xüsusi olduğunu bildirib. O deyib: “Bu gün çox sevincliyəm. Hamımız əyləndik, gözəl bir gün keçirdik. Gördüyünüz kimi bütün uşaqlar sevinir. Bu anları heç vaxt unutmayacağam. Hamıya təşəkkür edirəm”.

 

Bütün uşaqlar kimi Şıxbaba Muxtarov da çox sevinir. O, təəssüratlarını belə bölüşür: “Buradakı attraksionlar çox əyləncəlidir. Dostlarımla birlikdə yaxşı istirahət etdik. Bu gün yaxşı oyunlar oynadıq, unudulmaz anlar yaşadıq. Nə yaxşı ki, mən də bu şənlikdə iştirak etdim”.

 

Sonda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Fondun hədiyyələri təqdim edilib.


FOTO

VİDEO