001.jpg
3 yanvar 2005

Heydər Əliyev Fondu kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün “Gülüstan” sarayında Yeni il şənlikləri keçirir

Heydər Əliyev Fondu "Gülüstan" sarayında müxtəlif orta məktəblərdə təhsildə xüsusilə fəqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənlikləri keçirir. Şənliklərə minlərlə uşaq dəvət olunmuşdur.


Yanvarın 3-də Fondun prezidenti, Azərbaycan Respublikası Prezidentinin xanımı YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva növbəti şənlikdə iştirak etmiş, bir neçə saat uşaqlarla birlikdə olmuş, onların sevinc və fərəhini bölüşmüşdür.

 

Ümummilli liderimiz Heydər Əiliyevin müxtəlif illərdə Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən filmin nümayişi iştirakçılarda xoş duyğular oyatmışdır.

 

Salona toplaşmış uşaqların, onları müşayiət edən böyüklərin çöhrələrində bu gözəl bayram şənliyini onlara ərməğan edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Aparıcıların təbrikləri, personajların şən zarafatları bu ovqatı daha da artırırdı. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

 

İncəsənət ustaları, gənc istedadlar öz oynaq, şux mahnıları, rəqsləri ilə bayram tədbirini daha da rövnəqləndirirdilər. Rəqslərə qoşulan, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin, klounların, sehrbazların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Şənlikdə maraqlı müsabiqələr də təşkil olunmuş, qaliblərə Heydər Əliyev Fondunun mükafatları və hədiyyələri təqdim edilmişdir.

 

Ən yaddaqalan məqamlarından biri, şübhəsiz ki, Şaxta baba və Qar qızın möhtəşəm saraya gəlişi olmuşdur.

 

Heydər Əliyev Fondunun prezidenti MEHRİBAN XANIM ƏLİYEVA bayram şənliyində çıxış edərək demişdir:

 

- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər! Mən sizi ürəkdən təbrik edirəm. Sizə 2005-ci ildə cansağlığı, yeni-yeni uğurlar, səadət, xoşbəxtlik arzulayıram. Mən bilirəm ki, sizin hər birinizin ürəyində öz arzularınız, istəyiniz var. İstəyirəm ki, bu yeni ildə bütün arzularınız, bütün istəkləriniz gerçəkləşsin. Bu gün bizim bu "Gülüstan" sarayımızda məcburi köçkün və qaçqın ailələrinin nümayəndələri var. Sizin ürəyinizdə olan arzu hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının ən müqəddəs arzusudur. Mən arzulayıram ki, bu arzu yeni ildə hər şeydən əvvəl gerçəkləşsin.

 

Biz - Heydər Əliyev Fondu çox çalışır, çox istəyirdik ki, bu gün sizin üçün əsil bayram olsun. Mən hiss edirəm ki, biz buna nail ola bilmişik. Sizi bir daha ürəkdən təbrik edir, hamınızı öpürəm. Söz verirəm ki, bu il tez-tez görüşəcəyik. Bayramınız mübarək!

 

Azərbaycan Prezidentinin xanımı və qızları şənliyin sonunadək uşaqlarla birlikdə olmuşlar.

 

Heydər Əliyev Fondunun keçirəcəyi şənliklər dekabrın 4-də yeni iştirakçılarla davam edəcəkdir. Şənliyin sonunda Mehriban xanım Əliyeva jurnalistlərə müsahibə verərək demişdir:

 

- Mənim çox xoşuma gəldi. Çox xoşbəxtəm ki, belə gözəl bayram alındı. Heydər Əliyev Fondunun məqsədi o idi ki, şənlik uşaqlar üçün yaxşı keçsin. Hiss edirəm ki, onlar çox razıdırlar, xoşbəxtdirlər. Sevinirlər, oynayırlar. Mənim istəyim bu idi, ona da nail oldum. Mən söz verdim ki, bu il uşaqlarla tez-tez görüşəcəyik. Heydər Əliyev Fondunun proqramı var. Bu, kimsəsiz və ağır vəziyyətdə yaşayan uşaqlara yardım proqramıdır. Yeni il ərəfəsində mən 4 məktəbdə - iki uşaq evində və iki internatda olmuşam. Azərbaycandakı bütün belə məktəblərə gedəcək, onların vəziyyəti, şəraiti ilə tanış olacağam. Sonra ümumi bir proqram yaradılacaq və onlara yardım ediləcəkdir. Ona görə də mən söz vermişəm və sözümün üstündə duracağam. Yeni iliniz mübarək!


FOTO