19 mart 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Bakıdakı uşaq evlərinə Novruz hədiyyələri paylanılıb

Heydər Əliyev Fondunun nümayəndələri Novruz bayramı ərəfəsində - martın 19-da Təhsil Nazirliyinin Suraxanı rayonundakı 2 nömrəli, Xətai rayonundakı 3 nömrəli uşaq evlərində, Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbində, Səhiyyə Nazirliyinin Nərimanov rayonundakı psixo-nevroloji uşaq dispanserində və əqli cəhətdən zəif inkişaf etmiş uşaqların "Dəcəllər" klubunda olmuş, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından uşaqlara Novruz hədiyyələri paylamışlar.


Fondun nümayəndələri əvvəlcə Fəxri xiyabana gedərək, ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuş, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı üzərinə tər qərənfillər düzmüşlər.

 

Yurdumuzun ən ləziz nemətlərindən düzəldilmiş, üzərində "Heydər Əliyev Fondu" yazılmış bayram xonçaları, səməni siniləri, bol şirniyyat, meyvə-tərəvəz bağlamaları uşaq evlərinə təqdim edilmişdir. Dəfələrlə bu kollektivlərdə qonaq olan Fondun əməkdaşlarını uşaqlar doğmaları kimi, gülərüzlə, xüsusi mehribanlıqla qarşılamışlar. Gətirilmiş nemətlər Novruz süfrələrinə düzülmüşdür. Heydər Əliyev Fondunun əməkdaşları buradakı xidmətçi və tərbiyəçilərə qoşularaq, uşaqlara qulluq göstərmişlər.

 

Ümummilli liderimizin adını daşıyan Fondun əməkdaşları ilə birlikdə keçirilən bayram şənliklərində uşaqlar öz məharətlərini, bilik və bacarıqlarını, istedadlarını da nümayiş etdirmişlər. Onlar uşaqların sevimlisi, daim onların qayğısını çəkmiş, belə günlərdə onlarla birlikdə olmuş istəkli Heydər babanın xatirəsini dönə-dönə yad etmiş, ulu rəhbərə həsr edilmiş şeirlər söyləmişlər. Milli geyimli oğlan və qızların ifa etdikləri rəqslər, Novruza aid şeirlər, Kosanın, Keçəlin, Bahar qızın çıxışları məclis iştirakçılarını heyran etmişdir. Şənlikdə iştirak edən yaşlılar da onlara qoşularaq rəqs etmişlər.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bu gün Vətəndən uzaqda, Azərbaycan nümayəndə heyətinin tərkibində rəsmi dövlət səfərində olan YUNESKO-nun xoşməramlı səfiri, Fondun prezidenti Mehriban xanım Əliyevanın adından uşaqları Novruz bayramının gəlişi münasibətilə təbrik etmiş, onun ən xoş arzularını balacalara yetirmişdir. Bildirmişdir ki, Mehriban xanımın birbaşa təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində Fondun vəsaiti hesabına paytaxtdakı 25 uşaq evinin onunda əsaslı təmir və yenidənqurma işləri aparılır, əlavə yardımçı binalar tikilir. Bu obyektlər təzə avadanlıq və inventarlarla komplektləşdirilir.

 

Fondun icraçı direktoru, həmçinin qeyd etmişdir ki, Novruz bayramı günlərində Bakıda və Bakı ətrafında yerləşən 30-dək uşaq evi, internat məktəbi, əlil uşaqların müalicə mərkəzləri və qocalar evinin hamısına - köməyə ehtiyacı olan 10 min nəfərdən çox vətəndaşımıza Novruz hədiyyələri çatdırılacaqdır.

 

Şənliklərdə çıxış edən valideynlər, tərbiyəçi müəllimlər də son bir ildə uşaq evlərinin maddi-texniki bazasının yaxşılaşması, ərzaqla təminat, səhiyyə, təhsil, iaşə, kommunal xidmətləri sahəsində xeyli dəyişikliyin olmasından razılıqla danışdılar, bu xeyirxah işlərin himayədarı olan, Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Onlar qadın liderlərin ictimai birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "İlin qadını" elan edilməsini ürəkdən alqışladıqlarını söylədilər. Qeyd etdilər ki, elə təkcə uşaq və internat evlərinə göstərilən qayğının real nəticələri, minlərlə uşağın vəziyyətinin yaxşılaşması sahəsində həyata keçirilən səmərəli tədbirlər də Mehriban xanımın bu ada tamamilə layiq olduğunu sübut edir.

 

Fondun əməkdaşları mətbuat nümayəndələri ilə birlikdə uşaqların Novruz bayramına həsr edilmiş rəsm müsabiqələri əsasında onların əl işlərindən hazırlanmış sərgilərə də baxdılar, uşaqlarla xatirə şəkilləri çəkdirdilər, tezliklə yenidən görüşmək arzusu ilə onlardan ayrıldılar.