0.JPG
7 may 2005

Heydər Əliyev Fondunda Böyük Vətən müharibəsində qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib

Mayın 7-də Heydər Əliyev Fondunda Böyük Vətən müharibəsində Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir.


Mərasimə dəvət olunan müharibə veteranları əvvəlcə Fəxri xiyabanı ziyarət etdilər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoydular.

 

Onlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmayacaqlarını vurğulayan müharibə veteranları ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad etdilər, ona Allahdan rəhmət dilədilər.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva veteranları səmimiyyətlə qarşıladı, bayramlarını təbrik etdi, onlara uzun ömür, cansağlığı arzuladı.

 

Fondun əməkdaşları Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond və onun məqsədləri barədə veteranlara məlumat verdilər.

 

Veteranlar ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlarla, o cümlədən həyatının ən müxtəlif anlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, xalqımızın böyük oğluna həsr edilmiş kitablarla tanış oldular. Nadir fotolar bu dahi insanın olduqca zəngin və mənalı həyat yolu keçdiyini bir daha təsdiqləyir. Onun şəxsən özünün istifadə etdiyi əşyalar nadir və qiymətli eksponat kimi müharibədə çətin yol keçmiş şəxslərin hər birinin diqqətini cəlb etdi.

 

Veteranlar müstəqil Azərbaycanın qurucusunun respublikamıza rəhbərlik etdiyi təxminən 35 illik bir dövrün fotosalnaməsinə tamaşa etdilər. Son 10 ildə irimiqyaslı layihələrlə təkcə Azərbaycanı deyil, həm də Cənubi Qafqaz regionunu dünyaya bağlayan Heydər Əliyev neft strategiyasının həyata keçirilməsini əks etdirən fotolar, Azərbaycanın dünya ölkələri ilə dostluğunun möhkəmləndirilməsi istiqamətində ümummilli liderimizin xidmətləri xüsusi maraq oyatdı.

 

Sonra Heydər Əliyev Fondunda veteranlarla süfrə arxasında görüş keçirildi.

 

Veteranlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

 

Azərbaycan dövlətinin başçısı İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarının hər biri ilə səmimi görüşdü, onların qayğı və problemləri ilə maraqlandı, veteranlara bundan sonra da daim diqqətlə yanaşılacağını və kömək göstəriləcəyini bildirdi.

 

Veteranlar ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini yada salaraq, onunla çəkdirdikləri fotoşəkilləri respublikamızın rəhbərinə göstərdilər və dedilər ki, cənab Prezident, bu gün xalqımızın, eləcə də bizim xilaskarımız Heydər Əliyevin bizə göstərdiyi diqqət və qayğını unutmuruq. Allah atanıza rəhmət eləsin, Siz onun xəttini bütün sahələrdə uğurla davam etdirirsiniz. Bütün bunlara görə Sizə təşəkkür edirik.

 

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.

 

Prezident İlham Əliyevin nitqi:

 

- Əziz veteranlar!

 

Əziz dostlar!

 

Hörmətli xanımlar və cənablar!

 

Mən sizin hamınızı İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 60-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram.

 

Mən çox şadam ki, biz bu gün birlikdəyik, bu qələbəni qeyd edirik. İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışmısınız.

 

İkinci Dünya müharibəsi bəşər tarixində ən dəhşətli müharibə idi, ən qanlı müharibə idi. Azərbaycan Sovet İttifaqı tərkibində bu müharibədə fəal iştirak etmişdir. 700 minə yaxın Azərbaycan vətəndaşı müharibədə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, onların yarısı geri dönməmiş, həlak olmuşdur. Bu, böyük qəhrəmanlıqdır. Heç kim bu qəhrəmanlığı unutmamalıdır.

 

İkinci Dünya müharibəsindən sonra, qələbədən sonra Avropada yaşayan bir çox xalqlar azadlıq əldə etmişlər. Ancaq Azərbaycanın əsil azadlığı müstəqilliyimiz bərpa olunandan sonra əldə edildi. Ağır, çətin dövrdə Azərbaycan müstəqil dövlət kimi yaşamağa başlamışdır. Müstəqilliyimizin ilk illəri də ölkəmiz üçün çox çətin keçirdi, böyük təhlükələr mövcud idi. Yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra vəziyyət dəyişdi, bütün təhlükələr aradan götürüldü və ölkəmiz inamla inkişaf etməyə başladı.

 

Bu illər ərzində, son 10-11 il ərzində Azərbaycan böyük uğurlar əldə etmişdir. Ölkəmiz dünyadakı mövqelərini möhkəmləndirmiş, iqtisadi islahatlar prosesi daha da sürətlənmişdir. Bu gün Azərbaycan regionda tutduğu mövqelərə görə lider ölkədir.

 

Bilirsiniz ki, İkinci Dünya müharibəsində arxa cəbhədə fəaliyyət göstərən insanların əməyindən çox şey asılı idi. Onu da hamımız bilirik ki, İkinci Dünya müharibəsi motorlar, tanklar, təyyarələr müharibəsi idi. O vaxt Sovet İttifaqının neft potensialının demək olar ki, böyük əksəriyyəti Azərbaycanda cəmləşmişdi. Sovet İttifaqında hasil olunan neftin 75 faizini Azərbaycan neftçiləri çıxarmışdı. Həmin neft emal olunub, yanacağa çevrilib ümumi qələbəmizə xidmət etmişdir. Bunu indi hamı etiraf edir, bütün dünyada etiraf edirlər ki, əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi.

 

Ön cəbhədə vuruşmuş, arxa cəbhədə çalışmış bütün insanlar böyük hörmətə layiqdirlər. Gələcək nəsillərin formalaşması üçün sizin nümunəniz çox önəmlidir. Bizim gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır, böyüməlidir. Bu istiqamətdə sizin müharibədən sonrakı fəaliyyətiniz, o cümlədən ictimai fəaliyyətiniz böyük əhəmiyyət kəsb edir.

 

Mən çox şadam ki, Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənələr bu gün davam etdirilir. Bilirsiniz ki, müstəqilliyimizin ilk illərində bəzi qüvvələr 9 May bayramını da ləğv etmək istəmişdilər və veteranlara münasibət dəyişmişdi. Biz bunu indi də bəzi ölkələrdə görürük. Görürük ki, bəzi ölkələrdə veteranlara münasibət o qədər də ədalətli deyildir. Amma xalqımızın ümummilli lideri 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra vəziyyət tamamilə dəyişdi, bütün o mənfi meyillər aradan götürüldü və veteranlara layiq olduqları münasibət göstərilməyə başladı. Ədalət bərpa edildi və 9 May Qələbə günü Azərbaycanda geniş qeyd olunur.

 

Bu gün bu siyasət Azərbaycanda davam etdirilir. Mən dəfələrlə bəyan etmişəm ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasəti bütün sahələrdə davam etdiriləcəkdir. Bu bizə yeni uğurlar, yeni qələbələr gətirəcək, Azərbaycan xalqı daha yaxşı yaşayacaq, sosial məsələlər daha sürətlə öz həllini tapacaqdır. Xüsusilə sosial müdafiəyə ehtiyacı olan təbəqələrə daha böyük yardımlar göstəriləcək, əmək haqları, pensiyalar qaldırılacaqdır. Əlbəttə, veteranlara diqqət bundan sonra da yüksək səviyyədə olacaqdır.

 

Mən çox şadam ki, bu gün Heydər Əliyev Fondu belə gözəl tədbir keçirir. Heydər Əliyev Fondu Azərbaycanın ictimai həyatında çox fəal iştirak edir, çoxlu proqramlar həyata keçirir, xüsusilə əsas diqqət sosial məsələlərə göstərilir. Kimsəsiz uşaqlara, çətin vəziyyətdə yaşayan insanlara yardım olunur. Hesab edirəm ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı verilmiş Fondun fəaliyyəti daşıdığı ada layiqdir.

 

Mən bu gün çox şadam ki, biz burada sizinlə birlikdəyik, Qələbə gününü birlikdə qeyd edirik. Mən sizin hamınızı yenidən görməyimə çox şadam. Çox şadam ki, siz gümrahsınız, həmişə olduğu kimi cavansınız. Arzu edirəm ki, həmişə belə qalasınız. Mən sizin hamınızı Qələbə günü münasibətilə bir daha ürəkdən təbrik edirəm. Arzu edirəm ki, ömrünüz uzun olsun, çox yaşayasınız və doğma xalqımıza, millətimizə bundan sonra da ləyaqətlə xidmət edəsiniz.

 

Bayramınız mübarək olsun!


FOTO