1_edit.jpg
9 iyun 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva metronun “Bakı Soveti” stansiyasında baş vermiş qəza nəticəsində xəsarət almış insanlara baş çəkib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 9-da Musa Nağıyev adına təcili yardım xəstəxanasına gedərək, ötən gün metronun "Bakı Soveti" stansiyasında baş vermiş qəza nəticəsində xəsarət almış insanlara baş çəkmişdir.


Yaralananların hər biri ilə ayrılıqda hal-əhval tutan, vəziyyətləri, müalicələrinin gedişi ilə maraqlanan Fondun prezidenti qəza nəticəsində xəsarət alan vətəndaşlarla görüşməyi özünə borc bildiyini, onların müalicəsi, qısa vaxt ərzində tibbi reabilitasiyası ilə bağlı bütün xərclərin Heydər Əliyev Fondu tərəfindən ödəniləcəyini dedi.


Mehriban xanım bildirdi ki, Fondun əməkdaşları yaralılara müntəzəm olaraq baş çəkəcək, sağlamlıqlarını tam bərpa edib doğma evlərinə qayıtmaları üçün onlara hər cür kömək göstərəcəklər.


Yaralananların aldıqları xəsarətlər barədə həkim və tibb işçilərinin rəyi ilə tanış olan Fondun prezidenti onlara öz tövsiyələrini verdi.


Xəsarət alanların tibbi reabilitasiyası ilə bağlı bütün məsələlərin Heydər Əliyev Fondunun nəzarəti altında olduğunu söyləyən Mehriban Əliyeva yaralıların doğmaları və qohumları ilə də görüşüb söhbət etdi, belə qəzalardan heç kimin sığortalanmadığını bildirərək onlara səbirli, təmkinli olmağı arzuladı.


Qəza nəticəsində xəsarət alanlar, onların ailə üzvləri bu diqqət və qayğısına görə Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildirdilər.


FOTO