Dekabrın 22-də Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 nömrəli internat məktəbində indiyədək görünməmiş toy-büsat qurulmuşdu. Dünyaya göz açandan bu məktəbdə böyüyüb təlim-tərbiyə alan Fərhad və Ceyranın, İlqar və Nərgizin toy mərasimi idi.
Mərasimdə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi.
Məktəbin təzə inşa olunmuş, bayramsayağı bəzədilmiş, bol süfrə açılmış 200 yerlik salonuna "Vağzalı" sədaları altında daxil olan gəncləri rayon ictimaiyyətinin nümayəndələri gurultulu alqışlarla qarşıladılar.
Notariat və Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsinin nümayəndəsi gənclərin arzusu və şahidlərin iştirakı ilə nigahları rəsmiləşdirdi.
Dəfələrlə bu məktəbdə olan, valideyn himayəsindən, ata-ana məhəbbətindən məhrum uşaqlardan qayğısını əsirgəməyən Mehriban xanım gənclərə xeyir-dua verdi, onlara gül-çiçək dəstələri, hədiyyələr bağışlayaraq ailə həyatı qurmaları münasibətilə səmimi qəlbdən təbrik etdi.
Şən, oynaq mahnı və rəqslər bir-birini əvəz etdi. Mehriban xanımın da yeni ailə quranlarla, 18 ildən çox onların qayğısını çəkən məktəbin müəllim və tərbiyəçiləri, buranın daimi sakinləri ilə birlikdə ana səmimiyyəti ilə şənlənməsi hamıda xoş ovqat, sonsuz sevinc hissləri doğurdu, müstəqil həyata qədəm qoyan gənclər üçün unudulmaz xatirəyə çevrildi.
Məktəbin direktoru Mehparə Cəfərova dedi ki, bir neçə ay əvvəl burada belə bir mərasimin keçirilməsini təsəvvür etmək belə mümkün deyildi. Çünki 480 uşağın təlim-tərbiyə aldığı, 100-dən çox müəllim, tərbiyəçi və xidmətçinin çalışdığı bu məktəb öz görkəmini tamam itirmiş, yararsız vəziyyətə düşmüşdü. Mehriban xanımın təşəbbüsü ilə, Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılmış əsaslı təmir və yenidənqurmadan sonra bura abad, gözəl şəhərciyə çevrildi. Məktəbin tədris korpusu, yataqxana binası, yeməkxanası, tibbi yardım kabinələri, idman salonu və meydançaları, üzgüçülük hovuzu, əyləncə mərkəzi, istirahət guşələri tamamilə yenidən quruldu, müasir avadanlıqla komplektləşdirildi. Burada yaradılmış rahat şərait, hər gəlişində Mehriban xanımın uşaqlara yüksək insani münasibəti uzun müddətdən bəri bir-birini sevən gənclərin də yollarının əbədi qovuşmasına dəstək oldu. Belə böyük xeyirxahlıq nümunəsi, həm mərasimin təşkilinə, həm də gənclərin bundan sonrakı rahatlığına Mehriban xanımın şəxsi köməyi ən xoş sözlərə, sonsuz minnətdarlığa layiqdir.