001.JPG
9 may 2012

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak edib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 9-da Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak edib.


Məlumat verildi ki, kompleksin tikintisinə Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ilin oktyabrında başlanmışdı. Tikinti işləri yerli və xarici mütəxəssislər tərəfindən AFFA-nın və FİFA-nın nəzarəti altında həyata keçirilib. Kompleksdə idman zalları, tədris otaqları, məşq avadanlığı, meydança FİFA-nın standartlarına uyğundur.


İkimərtəbəli binanın birinci mərtəbəsində şahmat, dama, boks, güləş, trenajor zalları, məşqçi, paltardəyişmə, həkim otaqları və sanitar qovşaqları, həmçinin ingilis və fransız dillərinin tədrisi üçün linqofon kabinetləri vardır.


Birinci xanım fransız və ingilis dillərinin tədrisi otaqları ilə tanış oldu, məşqçi otaqlarına, trenajor, güləş və boks zallarına baxdı. Kompyuter otağı ilə tanışlıq zamanı bildirildi ki, gənclər kompleksin bu bölməsində 3 min metr məsafədə fiber-optik kabellə internetə qoşulacaq, data şəbəkəsindən, ADSL modem sistemindən istifadə edəcəklər.


Birinci xanım şahmat, dama otaqları ilə də tanış oldu. Otaqlarda məxsusi monitorlar quraşdırılmış, kompyuterlər xüsusi proqramlarla təchiz edilmişdir.


Binanın ikinci mərtəbəsində isə VİP otaq, futbol oyunlarını izləmək üçün VİP tribuna, qış bağı – vestibül, qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı, eləcə də inzibati otaqlar vardır.


Birinci xanım VİP otaqla tanış oldu, tribunadan beynəlxalq standartlar səviyyəsində xüsusi ot örtüyü ilə döşənmiş futbol meydançasına baxdı.


Stadionda elektron lövhə, səsgücləndiricilər və şərhçilər üçün kabinələr quraşdırılmışdır. 1500-dən çox oturacağı olan tamaşaçı salonunda meydançanı dirəyinin hündürlüyü 28 metr olan dörd projektor qurğusu işıqlandıracaqdır. Salonun üstü xüsusi membran çadırla örtülmüşdür.


Mehriban xanım Əliyevaya məlumat verildi ki, kompleksdə dopinqə nəzarət, hakim, məşqçi, həkim, masaj, yuyunma otaqları və konfrans zalı yerləşən xüsusi bina da tikilmişdir. 



FOTO