12 avqust 2013

Yunanıstanda birinci Yay Olimpiya Məktəbi başa çatıb

Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş birinci Yay Olimpiya Məktəbi başa çatıb.


Avqustun 12-də Beynəlxalq Olimpiya Akademiyasında yay məktəbinin bağlanış mərasimi keçirilib.


Akademiyanın direktoru Dionissis Gangas və fəxri dekan Konstantinos Georgiadis məktəbin uğurla yekunlaşdığını bildiriblər. Onlar Azərbaycanda Olimpiya dəyərlərinə verilən qiymətin digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıblar.


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev seminarın yüksək səviyyədə təşkil edilməsinə görə Beynəlxalq Olimpiya Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirib.


Sonda seminarın fəal iştirakçılarına Beynəlxalq Olimpiya Akademiyasının sertifikatları təqdim olunub.


Yay Olimpiya Məktəbinin iştirakçıları avqustun 13-də Afinaya yola düşəcəklər. Onlar burada qədim Panaseanik stadionu ilə tanış olacaq və şəhərin digər tarixi yerlərini gəzəcəklər.