_DSC0381.gif
24 dekabr 2013

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindistanın Qoa ştatında idman meydançası tikilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindistanın Qoa ştatında idman meydançası tikilərək istifadəyə verilib.


Qoada tədris mərkəzləri ştatın Pancim, Marqao, Mapusa və Vasko şəhərlərində yerləşir. Ətraf kəndlərdən şəhərlərə ictimai nəqliyyatın olmaması uşaqların hər gün məktəblərə gedib-gəlməsində çətinlik yaradır. Məhz bu çətinliyi aradan qaldırmaq üçün “Pilar” Katolik Cəmiyyəti ətrafda 10 məktəb, 1 katolik kollec və kimsəsizlər evi tikdirib. Hazırda bu məktəblərdə minlərlə şagird təhsil alır. 


Xeyriyyə məqsədilə tikilən bu məktəblərə təmənnasız köməklik göstərən Heydər Əliyev Fondunun təşəbbüsü ilə orada uşaqlar üçün stadion tikilərək istifadəyə verilib.


“Aqnelo Ata” adlanan stadionun açılışında Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev və Heydər Əliyev Fondunun nümayəndələri iştirak ediblər.


Səfir İbrahim Hacıyev çıxışında iki ölkə arasındakı münasibətlərin tarixi köklərə bağlı olduğunu bildirib, Heydər Əliyev Fondunun təşəbbüsünü Azərbaycan və Hindistan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə növbəti töhfə kimi xarakterizə edib.


Rəsmi açılış mərasimindən sonra yeni stadionda ilk futbol oyunu keçirilib. Meydançada “Pilar” kimsəsizlər evi və Qoa ştatının yığma komandaları üz-üzə gəliblər. Kimsəsizlər evinin uşaqları yoldaşlıq görüşünə Heydər Əliyev Fondunun bayrağı altında çıxıblar.


FOTO