07_ALMANıYA-–-HEYDƏR-ƏLİYEV-FONDU-OLIMPIYA-OYUNLARI-TAQDIMAT.jpg
13 oktyabr 2014

Berlində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Oktyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinin məşhur mədəniyyət mərkəzlərindən olan Bode muzeyində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə birinci Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.


Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədri olduğu birinci Avropa Oyunlarının təşkilat komitəsinin fəaliyyətindən bəhs edilib.


Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun sədri Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons Hörman çıxış ediblər.


Pərviz Şahbazov Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Almaniyadakı fəaliyyətindən danışıb, Fondun mədəniyyət sahəsində ikitərəfli münasibətlərə verdiyi töhfələrdən söz açıb.


Azad Rəhimov isə çıxışında Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb, Azərbaycanın bir sıra yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etdiyini yada salıb.


Nazir tədbir iştirakçılarına Bakda keçiriləcək birinci Avropa Oyunları haqda ətraflı məlumat verib.


Mərasimdə Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun ölkə daxilində və xaricdə mədəni irsin qorunub-saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil alması imkanlarının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə də məlumat verilib, birinci Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən film nümayiş etdirilib.


Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Almaniyanın dövlət katibləri, Bundestaqın deputatları, tanınmış siyasi xadimlər, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəalları və Almaniya mətbuatının təmsilçiləri iştirak ediblər.


FOTO