14237566503291511020_750x500.jpg
12 fevral 2015

Rumıniyada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Rumıniyanın Milli Olimpiya Komitəsində Heydər Əliyev Fondunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin birgə təşkilatçılığı, AzərTAc-ın və Agerpres agentliyinin media dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

 

Mərasimdə Rumıniyanın idman federasiyalarının rəhbərləri, “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək rumın idmançıları, ziyalılar, dövlət rəsmiləri, ölkənin qabaqcıl turizm şirkətlərinin rəhbərləri, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, burada yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Oyunlara hazırlıq işlərinin ən yüksək səviyyədə aparıldığını deyib, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışların yüksək səviyyədə keçirilməsinə göstərdikləri dəstəyi xüsusi vurğulayıb. O, tədbir iştirakçılarına yarışların keçirilməsi üçün yeni tikilən və bərpa olunan idman kompleksləri haqda məlumat verib. İ.Hacıyev idmançılar üçün yaradılmış şərait, Olimpiya şəhərciyi, İçərişəhər, Dənizkənarı park, Heydər Əliyev Beynəlxalq Hava Limanı, KİV-lər üçün nəzərdə tutulmuş media mərkəzindən də danışıb. 

 

Sonra Avropa Oyunları haqda film nümayiş etdirilib.

 

Tədbirdə Rumıniya Milli Olimpiya Komitəsinin sədri Alin Petrake, Rumıniyanın gənclər və idman naziri, Olimpiya çempionu xanım Qabriela Szabo da çıxış ediblər. Onlar Heydər Əliyev Fondunun Rumıniyada humanitar, sosial, idman sahələrində, Azərbaycanın təbliği, iki xalq arasında əlaqələrin möhkəmlənməsi istiqamətində apardığı işi yüksək qiymətləndiriblər.

 

Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov Azərbaycanda yaradılan Olimpiya kompleksləri, ölkədə gənclərin idmana marağının artması, Azərbaycan dövlətinin gənclərə diqqəti haqda danışıb.

 

Azərbaycan Milli Olimpiya Komitəsinin və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva isə Avropa Oyunlarının keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsinin səbəblərindən danışıb, Azərbaycanın hər zaman bu cür yüksək səviyyəli tədbirlər keçirməyə hazır olduğunu vurğulayıb.

 

Sonra tədbir iştirakçılarına Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin videomüraciəti təqdim olunub. O, “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı yaradılmış Təşkilat Komitəsinə, yüksək səviyyədə aparılan işlərə görə təşəkkürünü bildirib.

 

Təqdimat mərasimindən sonra Rumıniya Milli Olimpiya Komitəsində ziyafət verilib.

 

Tədbir Rumıniya KİV-i, eləcə də TVR1 televiziya kanalı, Agerpres milli xəbər agentliyinin video portal tərəfindən işıqlandırılıb.


FOTO

VİDEO