017.jpg
4 mart 2015

Romada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.


Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini, İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) prezidenti Covanni Malaqo, Roma şəhərinin meri İqnatsio Marino, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki, həmçinin İtaliyanın ictimai-siyasi, mədəni dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar qatılıblar.


İtaliyanın Müasir İncəsənət üzrə Milli Qalereyasında təşkil olunmuş tədbirdə əvvəlcə Azərbaycan heykəltəraşlarının əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.“Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş, bürünc heykəllərdən ibarət “Biz birlikdə” adlı sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri nümayiş etdirilir.


Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletləri təqdim edilib. Tədbirə qatılanlar Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi haqda nəşrlər, disklər və digər əyani vəsaitlərlə də tanış olublar.


Tədbirin aparıcısı “Bakı-2015” birinci Avropa Oyunları haqqında məlumat verib, Oyunların qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.


Mehriban Əliyeva mərasimdə çıxış edib.


Sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunmuş filmə baxıblar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri, Bakıda yarışlarla bağlı həyata keçirilən layihələr öz əksini tapıb.


Tədbirdə çıxış edən İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini Mehriban Əliyevanın yalnız idmanın deyil, digər sahələrin inkişafına da verdiyi töhfələrdən danışıb. O, bu tədbirin Romada keçirilməsinin Azərbaycan-İtaliya əlaqələrinin səviyyəsinin göstəricisi olduğunu bildirib. Nazir ilk Avropa Oyunlarının uğurla keçirilməsinə İtaliyanın da öz töhfəsini verəcəyini söyləyib, bu əhəmiyyətli idman tədbirinə hazırlığın sürətlə aparılmasını yüksək qiymətləndirib.


Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki bildirib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin yarışlara böyük diqqətlə yanaşması və ciddi hazırlaşması təqdirəlayiq haldır: “Bu amil ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında AOK tərəfindən qəbul edilmiş qərarın nə dərəcədə düzgün olduğunu göstərir”.


“İlk Avropa Oyunları hər kəsə - idmançılara, federasiyalara, Milli Olimpiya komitələrinə və bütünlükdə Avropa gənclərinə faydalı olacaq”, - deyə P.Hikki bildirib: “Azərbaycanın tezliklə ev sahibliyi edəcəyi bu mötəbər idman tədbiri bütün dünya gənclərini ruhlandıracaq”.


İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) prezidenti Covanni Malaqo isə “Bakı-2015”in 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaratması baxımından önəmini vurğulayıb.


Covanni Malaqo Azərbaycanın bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək öhdəliyini uğurla yerinə yetirdiyini söyləyib: “Əminəm ki, bu ölkə öz qonaqpərvərliyi ilə avropalı idmansevərlərin diqqətini cəlb etməyi bacaracaq. Azərbaycanda Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə və yüksək səviyyədə aparılması bu ölkənin yarışa ciddi yanaşdığını və Avropa idman dünyasına hörmətini nümayiş etdirir. “Bakı-2015” ilk Avropa Oyunları önəmli bir idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq”.


Roma şəhərinin meri İqnatsio Marino Azərbaycanla İtaliya arasında mədəniyyət, idman və digər sahələrdə əlaqələrin inkişafından danışıb. Mer ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.


Daha sonra AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.


FOTO

VİDEO