001.JPG
26 sentyabr 2008

Paralimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülüblər

Müstəqillik illərində Paralimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülmüşlər.


Müxtəlif vaxtlarda keçirilmiş Sidney, Afina və Pekin Paralimpiya oyunlarında medal qazanmış idmançılar sentyabrın 26-da Heydər Əliyev Fondunda olmuşlar.


İdmançılara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.


Paralimpiyaçılar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən idmaçılara məlumat verildi ki, ümummilli liderimiz idmanın inkişafına hər zaman böyük diqqət yetirmişdir.


Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva paralimpiyaçılarla görüşdü.


MEHRİBAN ƏLİYEVA idmançılara müraciətlə dedi:


Əziz qonaqlar, mən sizi Heydər Əliyev Fondunda salamlayıram. Sizi görməyə çox şadam. İlk növbədə, Pekin Yay Paralimpiya oyunlarında əldə etdiyiniz müvəffəqiyyətlər, uğurlar münasibətilə sizi ürəkdən təbrik edirəm.


Hesab edirəm ki, idmançılarımız, yığma komandamız bu Paralimpiya oyunlarında çox uğurlu çıxış edibdir. 10 medal əldə etmisiniz. Bununla da bütün Azərbaycan xalqına siz çox böyük sevinc hissi, qürur hissi gətirmisiniz. Bizim himnimiz səslənib, bayrağımız qaldırılıb, idmançılarımız kürsüyə qalxıblar. Əminəm ki, bu anlarda hər bir azərbaycanlı ürəyində çox böyük fəxr hissi keçiribdir.


Bildiyiniz kimi, ölkəmizdə son illər idman çox yüksək sürətlə inkişaf edir. İdmana dövlət tərəfindən, ölkə başçısı tərəfindən çox böyük diqqət var. Bu gün Azərbaycan, demək olar ki, bütün dünyada idman ölkəsi kimi tanınıbdır. Əlbəttə, bu istiqamətdə sizin də çox böyük xidmətləriniz var, çox böyük uğurlarınız var. Mən xatırlayıram, biz sizi Paralimpiya oyunlarına yola salanda cənab Prezidentlə bərabər görüş keçirdik. Orada o, fikirlərini sizinlə bölüşdü, sizə uğurlar arzu etdi. Əlbəttə, sizin böyük uğurlar əldə etməyiniz hamımız üçün çox böyük sevincdir. Biz hamımız sizinlə fəxr edirik.


Bu il həm Olimpiya, həm də Paralimpiya oyunları ölkəmiz üçün çox uğurlu oldu. Olimpiya oyunlarında 7, Paralimpiya oyunlarında 10 medal qazanmışıq. Hamı bilir ki, Olimpiya, həmçinin paralimpiya oyunlarından medal qazanmaq heç də asan iş deyildir. Çünki bütün dünyanın ən güclü idmançıları bu oyunlarda iştirak edirlər, buna 4 il ərzində hazırlıq gedir. Azərbaycanın belə yüksək səviyyədə təmsil olunması, belə yüksək pilləyə qalxması, bizi, əlbəttə, çox sevindirir. Buna görə də mən sizə öz dərin minnətdarlığımı bildirirəm. Sizi bir daha ürəkdən təbrik edirəm.


Biz bu gün Heydər Əliyev Fondunda görüşürük. Siz yəqin Heydər Əliyev Fondu haqqında kifayət qədər bilirsiniz, bizim fəaliyyətimizlə tanışsınız. Bilirsiniz ki, biz fəaliyyətimizin ilk günündən ölkəmizdə təhsilin, mədəniyyətin, gənclərin problemləri ilə məşğul oluruq. Sosial problemlərin həllinə yardım etməyə çalışırıq. Gənc, istedadlı insanlara dəstək verməyi özümüzə borc hesab edirik.


Məhz buna görə də bu gün Heydər Əliyev Fondu qərara alıb ki, sizin hər birinizi Heydər Əliyev Fondunun təqaüdçüsü elan etsin və hər ay pulla mükafatlandırsın. Əlbəttə, Heydər Əliyev Fondunun təqaüdçüsü olmaq çox şərəflidir. Bu təqaüdü xalqımızın, ölkəmizin müxtəlif sahələrində xidməti olan insanlar alırlar. Mən çox şadam ki, artıq siz də Heydər Əliyev Fondunun təqaüdçüsüsünüz.


Mən sizi bu münasibətlə də bir daha ürəkdən təbrik edirəm. Sizə gələcəkdə uğurlar, cansağlığı arzulayıram. Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə də təbrik edirəm və sizə ən xoş arzularımı çatdırıram. Sağ olun.


Gənclər və idman naziri Azad Rəhimov idmanın inkişafına göstərdikləri diqqətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya idmançılar adından minnətdarlıq etdi.


O dedi ki, son illərdə dövlət səviyyəsində göstərilən qayğı sayəsində Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılarımızın Olimpiya və Paralimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda qazandıqları qələbələr bunun nəticəsidir. MDB məkanında ilk dəfə Azərbaycanda əlil idmançılar üçün xüsusi kompleks tikilmişdir.


Olimpiya və Paralimpiya oyunlarında medal qazanmış idmançıların uşaqlar və gənclər üçün nümunə olduğunu vurğulayan Mehriban xanım Əliyeva bölgələrdə də idmanın inkişafına byük diqqət yetirildiyini bütün regionlarda olimpiya-idman komplekslərinin tikildiyini xatırlatdı.


Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun idmançılara hər zaman diqqət göstərəcəyini bildirdi.


FOTO