3.JPG
27 aprel 2015

Londonda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Aprelin 27-də Londonun məşhur “The Dorchester Hotel”ində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.


Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyilə keçirilən mərasimdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri, Britaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, deputatlar, London ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.


Tədbirdə “Bakı-2015”ə hazırlıq prosesindən danışılıb.


Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov oyunların ilk dəfə məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Avropa Oyunlarının ilk məşəlinin alovlandırılması mərasimindən də söz açan nazir idmanı dəstəkləmək və inkişaf etdirməyin Azərbaycanın milli prioritetləri sırasında olduğunu söyləyib.


A.Rəhimov Azərbaycanla Britaniya arasındakı tarixi əlaqələrdən danışıb, Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviqi və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər haqda məlumat verib.


Nazir tədbir iştirakçılarını “Bakı-2015”i izləməyə dəvət edib.


Mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coe, “Bakı-2015”in baş əməliyyat direktoru Simon Kleqq də çıxış ediblər.


Tədbirdə birinci Avropa Oyunları ilə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.


Təqdimat mərasimi azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifasında konsert proqramı ilə davam edib.


Tədbir çərçivəsində qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış, birinci Avropa Oyunlarına aid Azərbaycanın milli mənəvi dəyərlərini əks etdirən suvenirlər və jurnallar paylanılıb.


FOTO

Paylaş: