001.JPG
30 oktyabr 2011

Prezident İlham Əliyev Ucarda şahmat məktəbinin açılışında iştirak edib

Oktyabrın 30-da Prezident İlham Əliyev Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan şahmat məktəbinin açılışında iştirak edib.

 

Məlumat verildi ki, şahmat kompozisiyası formasında tikilmiş bu tədris ocağının ümumi sahəsi 820 kvadratmetrdir. Binanın girişi piyada, ətrafı top, mərkəzi hissəsi isə şah fiqurları formasındadır.

 

Birmərtəbəli məktəbdə beş tədris, bir kompyuter otağı və xidməti otaqlar vardır. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir. Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Burada oyunların canlı izlənilməsi üçün xüsusi monitor quraşdırılmışdır.

 

Buradakı tədris otaqları məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır.

 

Şahmat məktəbinin ərazisində yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

 

Prezident İlham Əliyev şahmat üzrə Avropa çempionu, bu ilin aprelində Polşada keçirilən dünya çempionatında 14 yaşlılar arasında ən yüksək nəticə göstərərək dünya çempionu adını qazanmış ucarlı Xatın Bağırova ilə söhbət etdi.

 

Prezident məktəbin kollektivinə uğurlar arzuladı.


FOTO