BAKI-KONFRANS-IKT.JPG
22 noyabr 2010

Bakıda “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib

Noyabrın 22-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun dəstəyi, Təhsil Nazirliyi, YUNESKO, “Mikrosoft” korporasiyası və “İntel” şirkətinin təşkilatçılığı ilə “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.


Konfrans çərçivəsində Azərbaycan Dillər Universiteti, 132-134 nömrəli təhsil kompeksi və Elitar gimnaziyada mövzu ilə bağlı seminarlar da təşkil edilmişdir.

 

Macarıstan, Norveç, Böyük Britaniya və digər ölkələrdən olan nümayəndələrin iştirak etdiyi konfransın açılışında çıxış edən təhsil naziri Misir Mərdanov demişdir ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanda təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə geniş tədbirlər həyata keçirilmişdir. Respublikada ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər) çərçivəsində 3 min 693 məktəbdə iş aparılmışdır. Bu müddətdə məktəblərə 30 mindən çox kompyuter verilmiş, 1722 təhsil ocağında kompyuter sinfi yaradılmışdır. Bakı, Sumqayıt və Gəncədə 7 min 500-dən çox məktəb müəllimi treninqlərə cəlb olunmuşdur.

 

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”ı isə təhsil sistemində İKT infrastrukturunun inkişafı, təhsildə elektron idarəetmə məsələsinin həlli, müəllimlərin İKT bacarıqlarının artırılması, normativ hüquqi bazanın daha da təkmilləşdirilməsi və s. məsələləri özündə ehtiva edir.

 

M.Mərdanov nazirliyin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin, eləcə də bütün məktəblərin internetlə təmin olunmasına kömək edəcək və kontent filtrasiyasını həyata keçirəcək Məlumat və Resurs Mərkəzinin yaradılmasını xüsusi vurğulamışdır. Təhsil şəbəkəsinin intranet xidmətinin yaradılmasına da ciddi fikir verilmişdir. Bu sistemin tətbiqi nəticəsində məktəblərdə şagird və müəllimlər yalnız təhsil üçün lazımi saytlardan istifadə edə bilərlər. Ümumiyyətlə Azərbaycanda təhsil sistemi ölkənin internet istifadəçilərinin 10 faizini təşkil edir.

 

Dövlət proqram çərçivəsində 30 tədris müəssisəsində “elektron məktəb” pilot layihəsi həyata keçirilməyə başlamışdır. 2010-cu ilə qədər 55 min 680 müəllim İKT vərdişlərinə yiyələnmişdir. Proqramın sonunadək bu rəqəmin 114 min nəfərə çatdırılması planlaşdırılır.

 

Nazir qeyd etmişdir ki, əgər 2005-ci ildə informatika dərsləri yalnız yuxarı siniflərdə tədris edilirdisə, hazırda bu fənn ibtidai siniflərdə də tədris olunur. Məqsədimiz hər bir şagirdi kompyuterlə təmin etməkdir və bu məqsədə ən yaxın gələcəkdə nail olmağa çalışacağıq.

 

M.Mərdanov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də Microsoft və HP korporasiyaları ilə birgə həyata keçirilən və ölkə əhalisinin güzəştli şərtlərlə kompyuterlərlə təmin olunması məqsədini daşıyan “Xalq kompyuteri” layihəsi barədə də məlumat vermişdir. Bu günədək təqribən 9 min müəllim bu layihədən yararlanmışdır.

 

“İnformasiya-kommunikasiya texnologiyalarının sosial-iqtisadi və insan resursunun inkişafında xüsusi rolu” mövzusunda məruzə ilə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə İKT-nin təhsildə tətbiqini informasiya texnologiyalarının inkişafının ən mühüm istiqamətlərindən biri olduğunu söyləmişdir. Bildirilmişdir ki, təhsildə İKT gələcəyə yönəlmiş addımdır. Ölkənin ali təhsil müəssisələrində ixtisasların təxminən 8 faizinin bilavasitə informasiya texnologiyaları ilə bağlılığı vurğulanmışdır.

 

Məruzədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təhsildə texnologiyaların tətbiqi sahəsində bilavasitə fəaliyyəti qeyd olunmuşdur. Diqqətə çatdırılmışdır ki, hazırda 145 azərbaycanlı tələbə nazirliyin hesabına dünyanın aparıcı universitetlərində təhsil alır.

 

YUNESKO-nun İKT üzrə məsləhətçisi Marius Lukosiunas “Müəllimlərin savadlılığı üzrə YUNESKO proqramı” barədə danışmışdır. O, təşkilat tərəfindən bütün dünyada İKT üzrə yaradılan 700-dən çox mərkəzdə 1 milyondan çox adamın təlim keçdiyini söyləmişdir.

 

Tədbirdə Macarıstanın sabiq təhsil naziri Balint Maqyar, Microsoft şirkətinin rəsmisi Coys Fernandes və Edinburq Universitetinin professoru Çarlz Anderson təqdimatlarla ilə çıxış etmişlər.


FOTO