01.JPG
2 may 2008

Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Fondunun birgə layihəsi olan “Heydər Əliyev” multimedia diskinin təqdimetmə mərasimi keçirilib

Mayın 2-də “Yaxt klub”da ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Fondunun birgə layihəsi olan “Heydər Əliyev” multimedia diskinin təqdimetmə mərasimi keçirilmişdir.


YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov mərasimi açaraq bildirmişdir ki, tarix boyu mənsub olduğu xalqı dünyada tanıdan şəxsiyyətlər çox az olmuşdur. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, həmin şəxsiyyətlərdən biri - xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev məhz bizim Vətənimizdə dünyaya gəlmiş, burada yaşayıb-yaratmışdır.

 

Tarixə ekskurs edən sədr müavini Azərbaycanda və ümumiyyətlə dünyada Heydər Əliyev şəxsiyyəti haqqında söhbətlərin 1969-cu ildən başlandığını, lakin bu gün də ara vermədiyini bildirmişdir.

 

Ə.Əhmədov vurğulamışdır ki, nəcib əməlləri, titanik fəaliyyəti ilə təkcə Azərbaycan xalqının deyil, bir çox dünya xalqlarının yaddaşında əbədi iz qoymuş ulu öndərin haqqında bundan sonra da əsrlər boyu danışılacaqdır.

 

Artıq 5 ildir ki, fiziki cəhətdən aramızda olmayan dünya şöhrətli siyasət xadiminin Azərbaycan xalqı üçün 2 böyük abidə ucaltdığı diqqətə çatdırılmışdır. Bu abidələrdən biri müasir müstəqil Azərbaycan dövləti, digəri isə hər bir azərbaycanlının qəlbində ulu öndərin xatirəsinə ucaldılmış Heydər Əliyev abidəsidir.

 

YAP sədrinin müavini ümummilli liderin siyasi strategiyasının davamlı xarakter aldığını, geniş quruculuq və abadlıq işləri ilə Azərbaycan xalqının sevimlisinə çevrilmiş Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini, ölkəmizin dünyanın ən dinamik inkişaf edən dövlətinə çevrildiyini xüsusi vurğulamışdır.

 

Mərasimdə ümummilli liderimizin həyat və dövlətçilik fəaliyyətini əks etdirən “Heydər Əliyev” multimedia diski təqdim olunmuşdur. Multimedia diski hər birində 50-dək fotoşəkil və yazılı materiallar toplanmış 8 bölmədən ibarətdir.

 

Diskin birinci bölməsi “Ömür yolu” adlanır və burada ulu öndərin ailəsi, valideynləri, dövlətçilik fəaliyyətinə başlayanadək keçdiyi həyat yolu haqqında materiallar əksini tapmışdır. “Dövlət quruculuğu” adlanan bölmə “SSRİ tərkibində”, “Müstəqil Azərbaycan” və “Hərbi quruculuq” adlı üç yarımbölmədən ibarətdir. “İqtisadi inkişaf” adlanan bölmədə müstəqillik illərində aparılan iqtisadi islahatlar, “Xarici siyasət” adlı bölmədə müstəqil dövlətin beynəlxalq aləmdə yerini tutması uğrunda aparılan mübarizə, “Sosial inkişaf” bölməsində təhsil, elm, səhiyyə, gənclər və idman, mədəni quruculuq sahəsində yeridilən dövlət siyasəti, “Azərbaycançılıq” adlı bölmədə milli ideologiyanın formalaşması, “Yeni Azərbaycan Partiyası” bölməsində isə müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında mühüm rol oynamış partiyanın yaranması və fəaliyyəti haqqında məlumatlar toplanmışdır.

 

Diskin sonuncu bölməsi olan “Uğurlu yolun davamçısı - İlham Əliyev” bölməsində isə ümummilli liderin müəyyən etdiyi siyasi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini əks etdirən fotoşəkillər və yazılı məlumatlar istifadəçilərə təqdim olunur.

 

Mərasimdə çıxış edən Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı qeyd etmişlər ki, təqdim edilən multimedia diski ulu öndər Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini öyrənmək istəyənlər üçün dəyərli məlumat mənbəyi rolunu oynayacaqdır.

 

Mərasimdə iştirakçılara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev - 85 il” poçt markası, Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Heydər Əliyev və informasiya-kommunikasiya texnologiyaları siyasəti” adlı kitab da təqdim edilmişdir.

 

Sonda incəsənət ustalarının konserti olmuşdur.


FOTO

Paylaş: