20 dekabr 2008

Heydər Əliyev Fondu ilin ən yaxşı layihəsi üzrə “İntellekt-2008” mükafatına layiq görülüb

Heydər Əliyev Fondu ilin ən yaxşı layihəsi üzrə “İntellekt-2008” mükafatına layiq görülmüşdür. İnformasiya kommunikasiya texnologiyaları jurnalı olan ”İTMagazine”nin təsis etdiyi mükafat Heydər Əliyev Fondunun 2008-ci ildə həyata keçirdiyi  Qala Arxeologiji-Etnoqrafik Muzey Kompleksinin yaradılması layihəsinə görə verilmişdir.


Xatırladaq ki, 2008-ci ilin oktyabrında Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində olan abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsi üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoruqda açıq səma altında Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılmışdır. Həyata keçirilmiş bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edəcəkdir. Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir. Heydər Əliyev Fondu tərəfindən muzey kompleksindən ətraflı bəhs edən kitabça da nəşr edilmişdir