Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris Mərkəzində Azərbaycanda telefon rabitəsinin yaradılmasının 125 illiyi münasibətilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının birinci mərhələsi keçirilmişdir.
Heydər Əliyev Fondu, rabitə və informasiya texnologiyaları, təhsil nazirlikləri və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkil etdiyi bilik yarışmasından əvvəl iştirakçılar təlimatlandırılmış, onlar kompyuter və test proqramları ilə tanış olmuşlar.
Olimpiadada ölkəmizin ali məktəb tələbələrinin komandaları və müsabiqədənkənar məktəblilərdən ibarət yığma komandalar iştirak etmişlər. Birinci seçmə mərhələsində balların 30 faizini toplamış 24 komandadan 12-si noyabrın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.
Olimpiada informatika üzrə beynəlxalq komanda yarışlarının yarımfinalında iştirak etmək üçün komandanın seçilməsinə və hazırlanmasına da imkan yaradacaqdır.