13 noyabr 2012

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə səslə idarə edilən 100 mini kompyuter təqdim olunub

Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə noyabrın 13-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə səslə idarə edilən 100 mini kompyuter təqdim edilib.


Təqdimat mərasimində çıxış edən Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov bildirmişdir ki, bu qurğular digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Kompyuterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.


Mini kompyuter səsli əmrlər vasitəsilə, online rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, telefon zənglərini qəbul etmək və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunmuşdur. Gələcəkdə nitqin kompyuter vasitəsi ilə rus və ingilis dilinə tərcüməsi də nəzərdə tutulub.


100 mini kompyuter GSM nömrə və 1 illik açıq internet xətti ilə təmin olunub. Bu ilin sonunadək daha 100 kompyuter Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə veriləcəkdir.


Mini kompyuterlər RİTN ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın “NeyroTex” şirkəti tərəfindən hazırlanıb. Bu qurğunu yaratmaqda məqsəd kor və görmə qabiliyyəti zəif olan insanlara informasiya və kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin etməkdir.