0.jpg
22 iyul 2005

Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan” internet portalının təqdimatı keçirilib

İyulun 22-də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun yeni layihəsi olan "Azərbaycan" internet portalının təqdimat mərasimi keçirilmişdir. 


Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.


Mərasimi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açdı.


Sonra "Azərbaycan" internet portalı (www.azerbaijan.az) haqqında film göstərildi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizi inkişaf yoluna çıxarmaq, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə tərəqqiyə zəmin yaratmaq üçün həyata keçirdiyi genişmiqyaslı işlərin müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, milli müstəqillik dövründə iqtisadiyyatın, elmin, mədəniyyətin müxtəlif sahələrində əldə edilmiş uğurlar filmdə əyani göstərildi. Təqdim edilən portalın Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması, xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması kimi mühüm əhəmiyyətli bir arzu, amalla araya-ərsəyə gətirilmiş bu böyük layihənin vüsəti filmdə bir daha öz ifadəsini tapdı. Portalın "Xəbərlər", "Ümumi məlumat", "Təbiət", "Tarix", "İqtisadiyyat", "Mədəniyyət", "Cəmiyyət", "Dövlət hakimiyyəti", "Azərbaycan beynəlxalq aləmdə", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İnzibati-ərazi vahidləri" və "Xəritələr" bölmələrinin hər biri haqqında verilən geniş məlumat razılıqla qarşılandı. Hər bölmədə mövzuya uyğun əhatəli elmi məlumatlarla yanaşı, çoxsaylı foto-şəkillərin, sənədlərin toplanması materialların dəyərini və təsir gücünü daha da artırır. Materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə portalın respublikada analoqu yoxdur. Müasir informasiya texnologiyalarının imkanlarını bir daha nümayiş etdirən "Azərbaycan" portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına sanballı kömək göstərəcəkdir.


Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimova söz verildi.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akademik Mahmud Kərimovun çıxışı:


- Möhtərəm cənab Prezident,


Hörmətli Mehriban xanım,


Əziz və hörmətli dostlar!


Çox xoşdur ki, bu gün biz sizinlə olduqca əlamətdar bir hadisənin iştirakçısıyıq. Respublikamızın, müasir cəmiyyətimizin mədəni və ictimai həyatında böyük əhəmiyyət kəsb edən "Azərbaycan" portalının təqdimat mərasiminə toplaşmışıq.


Tam əminliklə demək olar ki, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, dövrün tələblərinə cavab verən, xalqımızın həyatındakı mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən "Azərbaycan" portalı dövlətimizin mühüm atributlarından biri, onun inkişaf səviyyəsinin göstəricisidir.


Xalqımızın ümummilli lideri Heydər Əliyevin ən ümdə arzusu müstəqil Azərbaycanı yaşatmaq, onu inkişaf etdirmək və dünyada tanıtmaq idi. Bu portalın istifadəyə verilməsi ümummilli liderin ideyalarının gerçəkləşməsi istiqamətində atılan ən mühüm addımlardan biridir.


Heydər Əliyevin başladığı və indi respublika Prezidenti möhtərəm İlham Əliyevin uğurla davam etdirdiyi ardıcıl və məqsədyönlü siyasət sayəsində ölkəmizdə yeni quruluş - vətəndaş cəmiyyəti və eyni zamanda, informasiya cəmiyyəti yaranmaqdadır. Bu şəraitdə böyüyən yeni nəsil formalaşmaqdadır.


İqtisadiyyatda aparılan islahatların, sosial sahədəki dəyişikliklərin, elm və mədəniyyətdəki yeniliklərin və bir çox digər məsələlərin müasir informasiya texnologiyaları vasitəsilə işıqlandırılması bugünün qaçılmaz zərurətinə çevrilmişdir. Bütün bunlar "Azərbaycan" portalının hazırlanmasında olduqca böyük əhəmiyyət kəsb edən amillərdir.


Azərbaycanın ulu tarixi, işıqlı zəkaları, möhtəşəm mədəniyyəti və sənət uğurları, təbii sərvətlərindən, geosiyasi mövqeyindən, intellektual potensialından məharətlə bəhrələnərək müasir dünya birliyinə inamla inteqrasiyası - bunların hamısı "Azərbaycan" portalında öz əksini tapmışdır. Əslində, bu portal Azərbaycan haqqında bir elektron ensiklopediyasıdır, Azərbaycan Respublikasının vizit kartıdır. Məlumatların genişliyinə görə isə, portalı hətta Azərbaycan Milli Ensiklopediyası ilə müqayisə etmək olar. Lakin ensiklopediyadan fərqli olaraq, portalın üstünlüyü ondan ibarətdir ki, onu hər zaman yeniləşdirmək və təkmilləşdirmək imkanı vardır.


Şübhəsiz ki, portalın çox zəngin və tutumlu məlumat bazası istifadəçilər üçün geniş imkanlar yaradacaq, onlar üçün yeni məlumat mənbəyi olacaqdır. Bu portalın materiallarından nəinki sadə oxucular, hətta elmi işçilər də faydalana bilərlər. Çünki portalın materialları elmi və rəsmi mənbələrə əsaslanır.


Materialların üç dildə təqdim olunması imkan verir ki, dünyanın hər yerində Azərbaycan həqiqətləri ilə yaxından tanış olsunlar. Eyni zamanda, ölkəmizi və xalqımızı dünyaya tanıtdırmaq üçün portal əvəzsiz bir vasitəyə çevriləcəkdir.


Portalın bədii tərtibatı, dizaynı, axtarış sistemi, istifadə üçün sadəliyi də xüsusi vurğulanmalıdır və təqdirəlayiqdir.


Bu portalın yaradılması böyük zəhmət, intellekt, bilik, bacarıq və ən başlıcası, vətəndaş təəssübkeşliyi tələb edən bir iş olmuşdur.


İftixar hissi ilə qeyd etməliyəm ki, "Azərbaycan" portalının hazırlanmasında Milli Elmlər Akademiyasının alim və mütəxəssislərinin də böyük köməyi olubdur.


Çıxışımın sonunda mən bütün internet istifadəçilərini, ictimaiyyətimizi "Azərbaycan" portalının yaranması münasibətilə təbrik etmək və portalın hazırlanmasında əməyi olan Heydər Əliyev Fondunun işçilərinə, yaradıcı kollektivinə təşəkkürümü bildirmək istərdim. Bu şərəfli və məsuliyyətli işdə xüsusi xidmətləri olan, layihənin ideya müəllifi və işin rəhbəri Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.


Hörmətli Mehriban xanım, "Azərbaycan" portalının açılışı münasibətilə Sizi ürəkdən təbrik edirəm, xeyirxah fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.


Sonra Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova söz verildi.


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun çıxışı:


- Möhtərəm cənab Prezident!


Xanımlar və cənablar!


Bu gün biz Azərbaycanın elektron məkanında əlamətdar bir hadisənin iştirakçılarıyıq. Azərbaycan Respublikasının baş elektron qapıları təkcə ölkəmizin vətəndaşları deyil, həm də bütün dünya internet istifadəçilərinin üzünə açılır. "Azərbaycan" portalının istifadəyə verilməsi respublikamızda informasiya cəmiyyəti quruculuğu yolunda yeni və təkanverici bir addımdır. Bu sistem Azərbaycan həqiqətlərinin dünyanın yaxın və ucqar bölgələrinə çatdırılmasında, milli mənəvi dəyərlərimizin təbliğində, xalqımızın maarifləndirilməsində, onun elmi və mədəniyyətinin geniş auditoriya üçün işıqlandırılmasında böyük əhəmiyyət kəsb edəcəkdir. Portalın geniş informasiya çeşidinə malik olması, o cümlədən ölkəmizin sosial-iqtisadi potensialı, təbiəti, inzibati ərazi vahidləri və infrastrukturu haqqında informasiyalarla da zənginliyi Azərbaycanda iş görmək istəyən əcnəbilər üçün elektron məlumat kitabıdır. Bir sözlə, bu elektron informasiya sistemi Azərbaycanı həm azərbaycanlılar, həm də əcnəbilər üçün şəffaf bir diyara çevirəcəkdir.


Bu gün bəşəriyyət informasiya cəmiyyətinə keçid dövrünü yaşayır və artıq onun ən sərt problemi ilə üzləşmişdir. Bu problem "informasiya, yaxud elektron fərq" problemidir. Problemin dərinliyini təsəvvür etmək üçün bir rəqəmi xatırlamaq kifayətdir. Bütün dünyada toplanmış elektron informasiya resurslarının 90 faizi planetin əhalisinin cəmi 10 faizinin əlindədir. Əgər nəzərə alsaq ki, müasir zamanda informasiya təminatı təkcə sosial-iqtisadi inkişafda yox, həm də cəmiyyətlərin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və söz azadlığının təminatında geniş rol oynayır, onda ölkələr arasında və ölkə daxilində "elektron fərq"in ləğv edilməsinin bəşəriyyətin strateji hədəfi olması bir daha təsdiqlənir.


Bu il noyabrın 16-18-də dünya ölkələrinin dövlət və hökumət başçıları BMT-nin rəhbərliyi ilə Tunisdə keçirilən "İnformasiya cəmiyyəti üzrə Ümumdünya zirvə toplantısı"nda iştirak edəcəklər. Zirvə toplantısının birinci mərhələsi 2003-cü ilin dekabrında Cenevrədə keçirilmişdir və orada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev plenar iclasda nitq söyləmişdir. Möhtərəm Prezidentin nitqində Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sosial-iqtisadi və humanitar siyasətinin üstün istiqamətlərindən biri kimi elan olunması və ölkəmizdə "qara qızıl"ın "insan qızılı"na çevrilməsi kimi tezisinin səsləndirilməsi sammit iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Dövlət başçısının bu bəyanatı sonrakı dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün atılan addımlarla və Azərbaycanda bu istiqamətdə aparılan işlərlə təsdiqlənmişdir.


Bu il Azərbaycan Tunis sammitinə təşkilat komitəsinin üzvü və tədbirin sponsoru kimi gedir. Azərbaycan sponsor kimi son iki ildə informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq forum, region ölkələri rabitə nazirlərinin 33-cü Assambleyasını, İnformatizasiya üzrə əlaqələndirmə şurasının iclasını və "Bakutel" beynəlxalq sərgisini keçirmişdir. Sammitə qədər isə Bakıda beynəlxalq sərgi və Naxçıvanda kənd rabitəsi üzrə Beynəlxalq telekommunikasiya ittifaqının seminarını keçirəcəkdir.


Böyük fəxrlə qeyd etmək olar ki, Tunis sammitində elan olunacaq "İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin demokratikləşməsində rolu" kimi tezislərin təşəbbüskarları sırasında Azərbaycan öndə gedən ölkələrdəndir. Sammitə təqdim olunacaq "Bakı bəyannaməsi", "Bəhreyn bəyannaməsi", "Tehran bəyannaməsi", "Avropa Şurası Nazirlər Komitəsinin Siyasi bəyannaməsi" kimi sənədlər Azərbaycanın iştirakı ilə hazırlanmışdır.


İndi Azərbaycanda təxminən 7000-dək internet saytı fəaliyyət göstərir və bu informasiya mənbələri ölkəmizin müxtəlif sahələrinə həsr olunmuş məlumatları saxlayırlar. Lakin ölkəmizi bütöv bir canlı orqanizm kimi hərtərəfli əks etdirən elektron informasiya toplusu yox idi. Heç kəs, heç bir təşkilat ölkəmizin baş elektron adının - "Azərbaycan.az" domeninin alınmasını sifariş etmirdi. İlk dəfə belə bir məsuliyyəti öz üzərinə Heydər Əliyev Fondu götürdü. Biz hamımız bundan çox narahat idik və baş WEB portalın necə alınacağını həyəcanla gözləyirdik. Nəticə gözlədiyimizdən də uğurlu oldu. İlk qiymətlər çox fərəhləndiricidir.


Adından göründüyü kimi, portal Azərbaycan haqqında bütün informasiyanı Azərbaycan, rus, ingilis dillərində özündə cəmləşdirir. Portalda rəsmi xəbərlər, ümumi məlumat, təbiət, tarix, iqtisadiyyat, mədəniyyət, cəmiyyət, dövlət hakimiyyəti, Azərbaycan beynəlxalq aləmdə, erməni-Azərbaycan münaqişəsi, inzibati ərazi vahidləri, xəritələr barədə geniş informasiya verilmişdir. Bu da Azərbaycan haqqında xarici və yerli insanlar üçün informasiya dəstəyidir.


Bu portal dinamik hazırlanmışdır, xəbərlər, hava haqqında məlumat, valyuta məzənnəzi daim yenilənir. Bütün dövlət qurumları barədə informasiya verilmiş və onların elektron ünvanları göstərilmişdir. Portala daxil olan sadə istifadəçi yalnız bir ünvan vasitəsilə respublikamızın bütün sahələri barəsində məlumat ala biləcəkdir.


Portalda axtarış sistemi də nəzərə alınmışdır və istifadəçi hər hansı açar sözünə görə axtarış təşkil edə bilər.


Saytda əlaqə vasitələri də unudulmamışdır. İstifadəçi yaradıcı heyətlə əlaqə yaratmaq imkanlarına malikdir. Portalın strukturlaşdırılması mükəmməl təşkil olunmuş, naviqasiyası düzgün qurulmuş yüksək erqonomik xüsusiyyətlərə malikdir.


"Azərbaycan" portalının internet məkanına daxil olması və informasiya qapılarının beynəlxalq aləmə açılması ölkəmizin azad informasiya nüfuzuna yeni bir töhfədir. Azərbaycanın adını, yəni baş ölkə portalı statusunu daşıdığını və ümummilli liderimizin adını əbədiləşdirən Heydər Əliyev Fondu tərəfindən hazırlandığını nəzərə alaraq, "Azərbaycan" portalının həm internet istifadəçilərimiz, həm də provayderlər tərəfindən hörmətlə qarşılanacağına ümid edirəm. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qayğı ilə əhatə olunacağına söz verirəm və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya, onun kollektivinə uğurlar arzulayıram.


Diqqətinizə görə sağ olun.


Rəsmi hissədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Filarmoniyanın foyesində qoyulmuş kompüterlərdə "Azərbaycan" portalında yerləşdirilmiş materiallarla tanış oldular.


Sonra mərasim Filarmoniyanın yay meydançasında davam etdirildi.


Prezident İlham Əliyev burada təqdimat mərasiminin iştirakçıları qarşısında çıxış etdi:


- Hörmətli xanımlar və cənablar!


Bu gün "Azərbaycan" portalının nümayişi bizim hamımızı çox sevindirir. Çox gözəl portaldır və burada Azərbaycan haqqında çox dəqiq və müfəssəl məlumat öz əksini tapıbdır. Azərbaycan haqqında məlumatlar internetdə, müxtəlif saytlarda mövcuddur, amma ilk dəfədir ki, bütün məlumat bir portalda cəmləşibdir.


Bu gün bu barədə kifayət qədər məlumat verildi, film də nümayiş etdirildi. Əminəm ki, dünyanın istənilən yerində Azərbaycanla maraqlanan insanlar portaldan səmərəli istifadə edəcəklər. Bizim reallıqlarımız, Azərbaycanda gedən proseslər, Azərbaycan həqiqətləri mütləq dünya birliyinə qərəzsiz, olduğu kimi çatdırılmalıdır. Hamımız yaxşı bilirik ki, Azərbaycana qarşı dünyada çox güclü erməni lobbisi fəaliyyət göstərir. Demək olar ki, Azərbaycana qarşı informasiya müharibəsi aparılır və əlbəttə ki, biz buna adekvat, çox layiqli cavabımızı verməliyik. "Azərbaycan" portalının yaranması bu işdə bizə çox gözəl kömək edəcəkdir. Biz Azərbaycan haqqında məlumatları dünya birliyinə çatdıracağıq, eyni zamanda, öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq.


Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş bu layihə çox önəmlidir və əminəm ki, gələcəkdə bu portal daim yeniləşərək, diqqət mərkəzində qalacaqdır.


Fondun fəaliyyəti çoxşaxəlidir. Keçən ilin mayın 10-da Heydər Əliyev Fondunun açılış mərasimi keçirilmiş, Fond fəaliyyətə başlamışdır. Qısa müddət ərzində Fond ictimai həyatımızın müxtəlif sahələrində çox mühüm işlər görür. Fondun xeyriyyəçilik fəaliyyəti çox genişdir. Ağır şəraitdə yaşayan insanlara kömək göstərilir, kimsəsiz uşaqlara daim diqqət göstərilir, Heydər Əliyevin tarixi irsinin öyrədilməsinə böyük diqqət yetirilir. Qısa müddətdə müxtəlif istiqamətlərdə görülən işlər çox təqdirəlayiqdir. Fond bu müddət ərzində bizim ictimai həyatımızın çox vacib amilinə çevrilib və əminəm ki, bundan sonra da çox səmərəli işləyəcək və öz funksiyasını ləyaqətlə davam etdirəcəkdir.


Bu gün mən sizi bir daha salamlamaq istəyirəm. Sizin hər birinizə uğurlar diləyir və arzu edirəm ki, hamımız çalışaq, hərə öz yerimizdə öz əməyimiz, işimiz və fəaliyyətimizlə doğma Vətənimizi, dövlətimizi möhkəmləndirək, Azərbaycanı müasirləşdirək, zəngin, qüdrətli dövlətə çevirək. Bu işdə sizin hamınıza uğurlar diləyirəm.


Sağ olun!


Təqdimat mərasimi incəsənət ustalarının konsert proqramı ilə başa çatdı.


FOTO

Paylaş: