002.jpg
9 dekabr 2005

BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

Dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında saziş imzalanmışdır.


Fondun icraçı direktoru Anar Ələkbərov mərasimi açaraq bildirdi ki, iki qurum arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmine dilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanacaqdır. 


Sənədləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti imzaladılar.


Sənədlər imzalandıqdan sonra Mehriban xanım Əliyeva çıxış edərək dedi:


- Hörmətli cənab Borsotti!


Hörmətli xanımlar və cənablar!


Bu gün Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında çox önəmli bir saziş imzalandı. Ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların informasiya kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihə artıq həyata keçirilməyə başlanır. Azərbaycanda 320 min əlil insan yaşayır. Onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların həyata qoşulmasına, onların informasiya kommunikasiyaları vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət edəcəkdir. Bu saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk təməlidir. Heydər Əliyev Fondu yaradıldığı ilk gündən cəmiyyətimizin ən zəif təbəqələrinə böyük diqqət və qayğı ilə yanaşır. Artıq bu gün hamıya tanış olan fəaliyyətimiz bunu sübut edir. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Uşaq evi və internat məktəblərinin inkişafı" proqramları qısa bir zamanda həyata keçirilmişdir və nəticədə minlərlə insana yardım göstərilmiş, kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır. Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur.


Bu gün Heydər Əliyev Fondu beynəlxalq səhnəyə çıxır. Dünyanın ən mötəbər, ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə birgə fəaliyyətə başlayır. Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük uğurla nəticələnəcək, əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan insanların imkanlarını genişləndirmək üçün hazırlanan yeni strategiyaya yardım göstərəcəkdir.


Sonda mən layihə üzrə işləyən bütün insanlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm, Fondun əməkdaşlarına, BMT-nin İnkişaf Proqramına və şəxsən cənab Borsottiyə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.


Sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi cənab Marko Borsotti çıxış edərək dedi:


- Hörmətli xanım Mehriban Əliyeva!


Hörmətli xanımlar və cənablar!


Mənə elə gəlir ki, bu gün BMT-də çalışan hər bir mütəxəssis, əməkdaş üçün çox əlamətdar gündür. Çünki BMT olaraq biz Heydər Əliyev Fondu ilə birgə çox önəmli bir addım atdıq. Bunun nəticəsində kor və görmə qabiliyyəti zəif olan insanlara lazımi xidmətlər göstəriləcəkdir. Bir çox ölkələrdə rəqəmsal fərqin aradan qaldırılmasından ötrü müxtəlif tədbirlərin həyata keçirilməsi BMT-nin İnkişaf Proqramı üçün mühüm bir məsələdir. Bu məsələyə əvvəlcə hörmətli şəxsiyyət Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyev tərəfindən göstərilən maraq bizim üçün çox mühüm oldu. Azərbaycanın Tunisdə keçirilən son konfransdakı iştirakı isə onun bu sahəyə marağının nə qədər böyük olmasına bir sübut idi. Burada əsas məqsəd və əsas yekun ondan ibarət idi ki, bu cür inkişaf edən ölkə üçün heç kəs diqqətdən kənarda qalmamalıdır. Bu layihənin həyata keçirilməsi təkcə Azərbaycana xidmət etməyəcək, həm də digər ölkələrə böyük bir nümunə olacaqdır. Mən tam əminəm ki, bu layihə çox səmərəli olacaq, müsbət nəticələrini verəcək və biz növbəti istiqamətlərdə əlaqələrimizi, əməkdaşlığımızı möhkəmləndirəcəyik.


Çıxışımı yekunlaşdıraraq xanım Mehriban Əliyevaya bildirmək istərdim ki, bu istiqamətdə getməyimiz və burada olmağımızın səbəbi məhz Mehriban xanımın baxışlarına əsaslanır. Çox sağ olun.


İmzalanma mərasimindən sonra Fondun icraçı direktoru Anar Ələkbərov jurnalistlərə məlumat verərək bildirdi ki, imzalanan saziş layihələri BMT-nin "Minilliyin Bəyannaməsi"ndə dövlət və hökumət başçıları tərəfindən yeni texnologiyaların, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının (İKT) hamı üçün təmin olunması barədə götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına uyğun hazırlanmışdır. Bu layihə üç mərhələdə həyata keçiriləcəkdir. İlk mərhələ kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarını müəyyən etmək, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaqdan ibarətdir. Bu məqsədlə sorğular, müzakirələr keçirilməli, təcrübə mübadiləsi aparılmalı, alınacaq avadanlığın növləri müəyyən edilməlidir.


İkinci mərhələdə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəbində model İKT sinfinin yaradılması istiqamətində işlər aparılacaqdır. Burada kompüter avadanlığının alınıb quraşdırılması, proqram təminatının lokallaşdırılması, internetə çıxışın təmin edilməsi və xüsusi tədris-təlim proqramlarının hazırlanması başlıca vəzifələr olacaqdır.


Audiokitabxanaların hazırlanması, təlim mərkəzlərinin yaradılması, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyasının qurulması, bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli və audiokitabların bərpası, internetə çıxış, informasiya texnologiya əsaslı təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompüter mərkəzinin yaradılması, təlim kurslarında dərs deyəcək müəllimlərin, təlimçilərin hazırlığı üçüncü mərhələdə həyata keçiriləcəkdir.


Səkkiz ay müddətində həyata keçiriləcək layihənin ümumi dəyəri 418 min ABŞ dollarıdır.


FOTO

Paylaş: