2 may 2008

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə “Heydər Əliyev” multimedia diski hazırlanıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası və Heydər Əliyev Fondunun birgə layihəsi olan “Heydər Əliyev” multimedia diski hazırlanmışdır.


Ümummilli liderimizin həyat və dövlətçilik fəaliyyətini əks etdirən “Heydər Əliyev” multimedia diski azərbaycan və ingilis dillərində olmaqla, hər birində 50-dək fotoşəkil və yazılı materiallar toplanmış 8 əsas bölmədən və yarımbölmələrdən ibarətdir. Bölmələrdə ulu öndərin irimiqyaslı fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin altında titrılar verilməsi və onların mahnı ilə müşayiət olunması həm geniş informasiya alınmasını təmin edir, həm də istifadəçini yormur. Eyni zamanda yarımbölmələrin hər birində müvafiq yarımbölməyə uyğun video material da yerləşdirilmişdir.


Diskin birinci əsas bölməsi “Ömür yolu” adlanır. Bu bölmədə ulu öndərin ailəsi, valideynləri, dövlətçilik fəaliyyətinə başlayanadək keçdiyi həyat yolunu əks etdirən fotoşəkillər toplanmışdır.


“Dövlət quruculuğu” adlanan əsas bölmə “SSRİ-nin tərkibində”, “Müstəqil Azərbaycan” və “Hərbi quruculuq” adlı üç yarımbölmədən ibarətdir. “SSRİ-nin tərkibində” adlanan birinci yarımbölmədə Heydər Əliyevin SSRİ dövründə Azərbaycanın iqtisadi, elmi-texniki, mədəni potensialının inkişafı istiqamətində gördüyü tədbirlər öz əksin tapmışdır. “Müstəqil Azərbaycan” adlanan ikinci yarımbölmədə ulu öndərin Azərbaycan dövlətçiliyinin qorunması və inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini əks etdirən materiallar toplanmışdır. “Hərbi quruculuq” yarımbölməsində Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun inkişafı etdirilməsi və güclü, müasir standartlara cavab verən orduya çevrilməsi məqsədilə gördüyü tədbirlər işıqlandırılmışdır.


“İqtisadi inkişaf” adlanan əsas bölmə “Neft strategiyası”, “İqtisadi islahatlar” və “Kənd təsərrüfatı” adlanan yarımbölmələrdən ibarətdir. Bu bölmədə müstəqillik illərində aparılan iqtisadi, aqrar islahatlar, Heydər Əliyevin neft siyasəti haqqında materiallar yer almışdır.


“Xarici siyasət” adlı əsas bölmə “Beynəlxalq əməkdaşlıq”, “Beynəlxalq təşkilatlar” və “Qarabağ münaqişəsi” adlı yarımbölmələrdən ibarətdir. Bu bölmədə ümummilli liderin Azərbaycanın dünyada tanıdılması, beynəlxalq münasibətlərin subyekti kimi özünə layiq yer tutması, beynəlxalq həyatda daha fəal və müstəqil iştirak etməsi, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması, işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən materiallar toplanmışdır.


Əsas bölmələrdən biri olan “Sosial inkişaf” bölməsi “Elm, təhsil, səhiyyə”, “Gənclər və idman”, “Mədəniyyət” adlı yarımbölmələrdən ibarətdir. Bu bölmələrdə ulu öndərin təhsil, elm, səhiyyə, gənclər və idman, mədəni quruculuq sahəsində fəaliyyəti haqqında materiallar toplanmışdır.


“Azərbaycançılıq” adlanan əsas bölmə ümummilli liderin milli ideologiyanın formalaşması, Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki fəaliyyətindən bəhs edir.


“Yeni Azərbaycan Partiyası” adlanan əsas bölmədə isə müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında mühüm rol oynamış partiyanın yaranması və fəaliyyəti haqqında məlumatlar toplanmışdır.


Diskin sonuncu əsas bölməsi olan “Uğurlu yolun davamı” bölməsində isə ümummilli liderin müəyyən etdiyi siyasi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini əks etdirən fotoşəkillər və yazılı məlumatlar təqdim olunur.


Təqdim edilən multimedia diski ulu öndər Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini öyrənmək istəyənlər üçün dəyərli məlumat mənbəyi rolunu oynayacaqdır.


Paylaş: