01.JPG
9 fevral 2011

Prezident İlham Əliyev Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir. 


Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihələrindən olan Gəncə regional informasiya mərkəzinin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir.


Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mərkəzlə tanış oldu.


Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara, gənclərə, fiziki imkanları məhdud olan insanlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır.


Heydər Əliyev Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə yaratdıqları mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompyuter mərkəzi vardır. Oxu zalında gözdən əlillər üçün brayl əlifbası ilə nəşr olunmuş 1000-ə yaxın kitab, habelə zəif görən insanlar üçün böyük şriftlə çap edilmiş kitablar, 4 ədəd brayl displeyi, 2 ədəd “kitab həvəskarı - kompakt” sərbəst oxuyan maşın, 2 ədəd “videolight” böyüdücü cihazı və müvafiq printer var. Mərkəzdəki kompyuterlər əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlarla təmin edilmişdir. Kitabxanada nitq və eşitmə problemi olanlar üçün subtitrli filmlər də göstəriləcəkdir.


Bu mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən ümumilikdə 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcəkdir.


FOTO

VİDEO