KITAB-HEYDAR ALIYEV.JPG
4 may 2010

Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma Şəraitində Mədəniyyətlərin Qarşılıqlı Fəaliyyəti” kitabı çapdan çıxmışdır

Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı fəaliyyəti” kitabı çapdan çıxmışdır. Kitab Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlmişdir. 

 

Nəşr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş və ötən il iyunun 15-də Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda keçirilmiş beynəlxalq elmi konfransın materialları əsasında hazırlanmışdır.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın kitaba yazdığı ön sözdə deyilir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə üzləşmiş və yalnız 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət kökündən dəyişmiş, ulu öndər suveren Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri yazır: “Heydər Əliyev bütün həyatını öz ölkəsinə həsr etmişdir. Onun müdriklüyü, siyasi uzaqgörənliyi sayəsində bu gün Azərbaycan tərəqqi edir... Bu gün Heydər Əliyev sıralarımızda yoxdur, lakin müstəqil Azərbaycan yaşayır, onun bütün həyatını həsr etdiyi iş yaşayır. Onun ideyaları yaşayır...”.

 

Kitabda REA-nın üzvü, MDU-nun professoru Əsgər Akayevin “Şəxsiyyət fenomeni inkişafın və mədəniyyətlərin qarşılıqlı fəaliyyətinin əbədi amili kimi”, REA Fəlsəfə İnstitutunun direktoru Əbdülsalam Hüseynovun “Mədəniyyətlərin qarşılıqlı fəaliyyətinin humanist əsası”, A.Utkin və V.Fedotovun “Azərbaycan bizim məhəbbətimizdir” mövzularda, habelə digər Azərbaycan və Rusiya filosof-alimlərinin maraqlı məruzələri yer almışdır. Kitaba Azərbaycan filosofları - AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Heydər Əliyevin mənəvi irsi və vətənpərvərlik “, fəlsəfə elmləri doktoru Tamilla Əhmədovanın “Qloballaşma şəraitində Azərbaycan mədəniyyəti”, REA Fəlsəfə İnstitutunun doktorantı Ariz Gözəlovun “Cəmiyyətin qloballaşması və transformasiyası” və digər alimlərin məruzələri daxil edilmişdir. Tanınmış Rusiya alimləri qlobal proseslərə öz yanaşmalarını təqdim etmişlər. Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakovun “Mədəniyyətin inkişafında qlobal və regional əsaslar”, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru İqor Liseyevin “Qloballaşmanın kulturoloji konteksti” və müasir Rusiya fəlsəfi təfəkküründən bəhs edən digər məruzələr xüsusi maraq doğurur.

 

Ümumiyyətlə, elmi nəşrdə tarixi şəxsiyyətin formalaşmasında, müasir dünyada mədəniyyətlərin qloballaşması və konvergensiyası proseslərinin qarşılıqlı münasibətlərdə, sosial, siyasi, iqtisadi, texnoloji qurumlarda baş verən dəyişikliklərin insanın həyat fəaliyyətinə təsirində, qlobal və regional səviyyələrdə cəmiyyətin davamlı inkişaf problemlərində kulturoloji amillərin rolu barədə materiallar toplanmışdır. Azərbaycanda qlobal proseslərin təzahürünə xüsusi diqqət ayrılmışdır.