3 dekabr 2010

“Azərbaycan xalçaları bütün məktəbləri ilə” layihəsinin növbəti kitabı çapdan çıxıb

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azər-İlmə” MMC-nin rəhbəri Vidadi Muradovun “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı layihəsinin növbəti kitabı çapdan çıxmışdır.


Nəfis və yüksək poliqrafik tərtibatda nəşr olunmuş “Azərbaycan xalçaları. Qarabağ qrupu” kitabı Qarabağ xalçaçılıq məktəbinə həsr edilmişdir.

 

Kitabda Qarabağın tarixi, burada xalçaçılığın təşəkkülü, onun inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri əksini tapmışdır. Nəşrdə Qarabağ xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etmək üçün nadir xalçalardan ibarət illüstrativ materiallar yer almışdır. Materialların əsas hissəsini “Azər-İlmə” MMC-nin “Sehrli ilmələr” qalereyasının qədim Qarabağ xalçaları təşkil edir. Kitabda beynəlxalq standartlara uyğun bütün xalçaların texniki göstəriciləri də verilmişdir.

 

“Azərbaycan xalçaları. Qarabağ qrupu” kitabı artıq rus və ingilis dillərində də nəşrə hazırdır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihənin növbəti kitabı üzərində iş aparılır. Növbəti kitab “İrəvan xalçaları”na həsr olunacaqdır.

 

İllər boyu Azərbaycan xalçaçılığının bütün məktəblərini əhatə edən zəngin xalça kolleksiyası yaratmış Vidadi Muradovun bundan əvvəl “Azərbaycan xalçaları” kitabı rus və ingilis dillərində nəşr olunmuşdur.