14 dekabr 2009

Heydər Əliyev Fondu Türkiyədə keçirilən Beynəlxalq simpoziumda kitab sərgisi təşkil edib

Dekabrın 14-də Türkiyənin Bursa şəhərində Türkiyə Nazirlər Kabineti, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA), Bursa bələdiyyəsi və Məshəti Türkləri Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə “Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldıqları insan haqlarının pozulması faktları” mövzusunda ikigünlük beynəlxalq simpozium keçirilmişdir. Tədbirdə 50 ölkədən 200 təmsilçi, o cümlədən Azərbaycan Milli Məclisinin deputatları iştirak etmişlər.

 

Simpoziumun açılışında iştirakçılar Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

 

Tədbirin keçirildiyi “Almira” hotelinin foyesində Heydər Əliyev Fondunun təşkil etdiyi kitab sərgisi böyük maraq doğurmuşdur. Simpoziumda iştirak edən Türkiyənin dövlət naziri Faruk Çəlik, ölkə parlamentinin üzvləri Sədat Kızılcıklı, Əli Kul Dağlıq Qarabağ münaqişəsi, erməni terroru və vəhşilikləri, Xocalı soyqırımından bəhs edən 50-dən çox kitabla tanış olmuşlar. Milli Məclisin deputatı Qənirə Paşayeva Faruk Çəlikə Heydər Əliyev Fondunun hazırladığı kitabı hədiyyə etmişdir. Digər iştirakçılara da kitablar təqdim olunmuşdur.

 

Simpoziumda Qənirə Paşayeva Dağlıq Qarabağdan, işğal olunmuş digər Azərbaycan torpaqlarından, eləcə də Ermənistandan didərgin salınmış, hüquqları pozulmuş azərbaycanlıların və zülmə məruz qalmış digər türk və müsəlman xalqları nümayəndələrinin haqlarının müdafiəsi üçün birgə səylərin zəruriliyini vurğulamışdır.

 

Türkiyənin dövlət naziri Faruk Çəlik tədbirin əhəmiyyətini diqqətə çatdırmış, simpoziumun keçirildiyi Bursada da azərbaycanlı, məshəti türkü və Balkan ölkələrindən qaçqınların olduğunu bildirmişdir. O, türk və müsəlman xalqlarına qarşı davam edən zülmə və haqsızlıqlara son qoyulması üçün səylərin birləşdirilməsinin zəruriliyini qeyd etmişdir.

 

Qənirə Paşayeva və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə Azərbaycan xalqının haqq səsini qardaş ölkə ictimaiyyətinə çatdırmaq üçün mütəmadi tədbirlər keçirən Türkiyə Kamu-Sen Həmkarlar Konfederasiyası Bursa vilayət təşkilatının sədri Səlcuk Türkoğlu ilə görüşmüşlər.